Prezident Əliyev Münhendə görüşlər keçirib

Kolinda Qrabar-Kitaroviç və İlham Əliyev Fotonun müəllifi President.az
Image caption Kolinda Qrabar-Kitaroviç və İlham Əliyev

53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan prezident İlham Əliyev İsrailin müdafiə naziri Aviqdor Liberman və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç daxil olmaqla, bir sıra görüşlər keçirib.

Cənab Libermanla görüşündə prezident Əliyev İsrail-Azərbaycan əlaqələrini müzakirə edib və iki ölkə arasında hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Prezident Administrasiyası bildirib.

Prezident Administrasiyasının saytında verdiyi məlumata əsasən, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşündə, prezident İlham Əliyev Azərbaycanın Avropa Komissiyası ilə fəal əməkdaşlıq etdiyini deyib.

Prezidentin həmçinin "Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu" dediyi qeyd olunub.

Daha sonra Əfqanistan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdə, liderlər ASAN xidmətinin təcrübəsinin Əfqanıstanda yayılması və iki ölkə arasında ticarət əlaqələrinin inkişafını müzakirə ediblər.

Görüşlərdən başqa, prezident Əliyev konfrans çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda dəyirmi masada iştirak edib.

Çıxışında prezident Cənub Qaz Dəhlizi layihəsinin Avropa və Azərbaycana vacibliyini vurğulayaraq, layihənin reallaşdırılması üçün "Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından" vəsaitlərin cəlb edildiyini bildirib.

Prezident İlham Əliyev "hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır" deyib və vurğulayıb ki, "bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə Cənubi Qaz Dəhlizi layihəsini 2020-ci ilə qədər tamamlamaq mümkün olar".

Əlaqəli mövzular

Bu barədə daha geniş