Dağlıq Qarabağda "konstitusiya referendum"u keçirilir

Bako Sahakyan Fotonun müəllifi Getty Images
Image caption Yeni konstitusiya üzrə Bako Sahakyanın namizədliyi yenidən irəli sürülüb seçiləcəyi şübhə doğurmur

Fevralın 20-də Dağlıq Qarabağda keçirilən "referendum səsverməsi" nəticəsində "yarım prezident idarəçilik üsulundan tam prezident idarəçilik üsuluna keçməsini nəzərdə tutan konstitusiya layihəsi" qəbul edilməlidir.

Yeni konstitusiyaya əsasən, prezident və parlament 5 il müddətinə seçilirlər, baş nazir vəzifəsi ləğv olunur və onun səlahiyyətlərini nazirlərin fəaliyyətini əlaqələndirən dövlət naziri vasitəsilə prezident icra edir.

Sənəd "Artsax Respublikasının Konstitusiyası" adlanır. Eyni zamanda tanınmamış "Dağlıq Qarabağ Respublikası" adının da qüvvədə qalması qeyd olunur.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev hadisəni siyasi təxribat adlandırıb.

"Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyildir",

O əlavə edib ki, Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz "referendumu" müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib.

"Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək."

ATƏT-in Minsk Qrupu bu "referendum"un nəticələrini qəbul etmədiyini elan edib. Fevralın 17-də rusiyalı, amerikalı və fransalı həmsədrlər bunu Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşdən sonra bəyan ediblər.

Dağlıq Qarabağda fəaliyyət göstərən əsas siyasi qüvvələr "konstitusiya" dəyişikliyinə qarşı deyil. Opponentlər hesab edirlər ki, dəyişikliyin məqsədi Bako Sahakyanın hakimiyyətdə qalması müddətin uzadılmasıdır.

Hazırda qüvvədə olan 2006-cı ildə qəbul olunmuş konstitusiyaya əsasən, Bako Sahakyanın son ikinci prezidentlik müddəti bir neçə aydan sonra başa çatır.

Yeni konstitusiya üzrə, prezident parlament tərəfindən seçilir və Bako Sahakyanın namizədliyi yenidən irəli sürülüb seçiləcəyi şübhə doğurmur.

Bundan başqa, yeni konstitusiya Bako Sahakyana 2020-ci ildə parlament seçkiləri ilə eyni vaxtda keçirilən prezident seçkilərində namizədliyini irəli sürmək imkanı verir.

Beləliklə, hazırkı "Bako Sahakyan 2030-cu ilədək vəzifədə qala bilər", müxalif Qarabağ millət vəkili Hayk Xanumyan jurnalistlərə deyib.

"ANİ" erməni tədqiqat fondunun koordinatoru, jurnalist Tatul Hakobyan deyir ki, Ermənistan rəhbərliyi, prezident Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası Bako Sahakyanın hakimiyyət başında qalmasında maraqlıdır.

"Ermənistan rəhbərliyi istəyir ki, Qarabağ üzrə hər hansı bir təklif və qərar olarsa, müxtəlif siyasi spektrli parlament, yaxud ayrı-ayrı şəxslərlə təmasa girməyə, onları dilə tutmağa, razı salmağa ehtiyac olmasın. İstəyirlər işləri bir adamla olsun", - BBC Yerevan müxbirinə Tatul Hakobyan deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş