Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat edib

Vitaly Churkin 2006-ci ildən BMT-də səfir vəzifəsində çalışıb Fotonun müəllifi AFP
Image caption Vitaly Churkin 2006-ci ildən BMT-də səfir vəzifəsində çalışıb

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaly Churkin vəfat edib.

Çərşənbə günü 65 yaşını qeyd etməli olan Vitaly Churkin bazar ertəsi Nyu Yorkda qəfildən dünyasını dəyişib, Rusiyanın Xarici İşlər Nazirliyi bəyanatında bildirib.

Daimi nümayəndənin müavini Vladimir Safronkov Reuters agentliyinə deyib ki, Churkin iş yerində olarkən halı qəfildən pisləşib. Diplomat xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Veteran diplomatın ölümünün səbəbi aydın deyil.

Cənab Churkin 2006-ci ildən BMT-də səfir vəzifəsində çalışıb.

BMT Təhlükəsizlik Şurası və təşkilatın baş katibi Antonio Guterres BMT-də Rusiya missiyasının rəhbəri Vitaly Churkin-in vəfatı ilə bağlı kədərilərini ifadə ediblər.

Şuranın üzvləri, Churkin-in ailəsinə, həmçinin, Rusiya hökumətinə və xalqına başsağlığı verib.

Rusiya Prezidenti Vladimir Putin "diplomatik istedadını yüksək dəyərləndirdiyi insanın ölümündən kədərləndiyini" bildirib.

Xarici İşlər Nazirliyi də "görkəmli diplomatın" xatirəsini ehtiramla yad edib.

Bütün dünyadan bir çox diplomat vəfat etmiş səfiri yad edib. Britaniya səfiri Matthew Rycroft "gözəl xarakterli diplomatik nəhəngin ölümünə" pərişan olduğunu yazıb. ABŞ səfiri Nikki Haley onun "lütfkar həmkar" olduğunu deyib.

Moskvada anadan olan cənab Churkin yeniyetmə yaşlarında aktyorluq edib və Vladimir Lenin barəsində iki filmdə çəkilib. Daha sonra o, nüfuzlu Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olub və karyerasına Rusiyanın Xarici İşlər Nazirliyində başlayıb.

BMT-də işə başlamamışdan əvvəl o, Kanada və Belçikada elçilik edib. 1990-cı illərin əvvəllərində isə cənab Churkin keçmiş Yuqoslaviya danışıqlarında xüsusi nümayəndə kimi fəaliyyət göstərib.

Əlaqəli mövzular