Sarkisyan Brüsseldə: münaqişə "təhlükəli hədədir"

Jens Stoltenberg Fotonun müəllifi President.am
Image caption NATO-nun baş katibi Jens Stoltenberg-lə birgə mətbuat konfransında isə Qarabağ münaqişəsindən söz açan Ermənistan prezidenti, münaqişənin aktivləşdiyini bildirib.

Erməni tərəfi "mənalı kompromislərə" hazır olsa da, bu problemin həllində əsas Dağlıq Qarabağ xalqının öz gələcəyini həll etmək haqlarıdır, Brüsseldə çərşənbə axşamı Avropa Şurasının sədrilə danışıqlardan sonra Ermənistan prezidenti bəyan edib.

"Burada başqa yanaşma ola bilməz. Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqları əsaslı beynəlxalq sənədlərdə əks olunduqdan başqa, münaqişə ilə məşğul olan yeganə ixtisaslaşdırılmış struktur - ATƏT-in Minsk Qrupu - sədrlərinin çoxsaylı bəyanatlarında təsbit edilib və çoxdan tanınmışdır", - Serj Sarkisyan deyib.

Və bu, Sarkisyanın sözlərinə görə, tək Ermənistanın mövqeyi deyil: "Biz Avropa İttifaqına dinc yolla tənzimlənmə prosesinə dair tarazlaşdırılmış mövqeyi, ATƏT-in Minsk Qrupu həmsədrlərinə etimad və dəstəyi üçün minnətdarıq".

Öz növbəsində Avropa Şurasının sədri mövcud durumun qeyri-stabilliyinin narahatlıq doğurduğu deyə, bəyan edib ki, münaqişə beynəlxalq hüquqları əsasında mümkün qədər tez bir zamanda öz siyasi həllini tapmalıdır.

"Onun [münaqişənin] hərbi həlli yoxdur. Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səyləri və təkliflərini tamamilə dəstəkləyir", - Donald Tusk deyib.

Bakıda hesab edirlər ki, Avropa və beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və münaqişənin tənzimlənməsi üçün daha çox səy göstərməlidirlər.

"Aktiv münaqişə..."

NATO-nun baş katibi Jens Stoltenberg-lə birgə mətbuat konfransında isə Ermənistan prezidenti, münaqişənin aktivləşdiyini bildirib.

Sarkisyan, xüsusilə 2015-ci il "aprel müharibəsindən sonra Dağlıq Qarabağ ətrafında inkişafların" bölgə üçün "ən partlayış təhlükəli hədə" olduğunu qeyd edib.

"Aprel müharibəsi və sonradan davam edən ağır top və hərbi texnikadan istifadə edərək ərazilərin müntəzəm olaraq atəşə tutulması bu münaqişənin indən belə aktiv olduğunu göstərir. Və bu gün, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində görülən səylərinə kömək edərək, sivil həll ətrafında birləşməsi həmişəkindən də labüddür", - Sarkisyan deyib.

Cavab bəyanatında cənab Stoltenberg NATO rəhbərliyinin təmas xəttində atəşkəs rejiminin arasıkəsilmədən, o cümlədən, ötən həftəsonu pozulmasından narahat olduğunu bildirib.

"Münaqişənin hərbi həlli yoxdur. Münaqişənin davam etməsi bütün regionun inkişafını dayandırır. Odur ki, Ermənistanla Azərbaycanı danışıqlar masası arxasına qayıdıb Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində işləməyə təşviq edirik. NATO Minsk Qrupunun bu istiqamətdə səylərini bütövlüklə dəstəkləyir", - NATO-nun baş katibi deyib.

Həm NATO, həm KTMT

Ermənistan prezidentinin başçılıq etdiyi nümayəndə heyəti NATO ilə Ermənistan arasında əməkdaşlıq məsələlərini də müzakirə edib.

Baş katib Stoltenberg Ermənistan hərbi bölmələrinin NATO qüvvələrinin himayəsi ilə bir sıra əməliyyatlarda iştirak etdiyini xüsusi qeyd edib.

"Bizim tərəfdaşlığımız uzun illər ərzində inkişaf edib. Bu il biz Ermənistanın Şimali Atlantika Alyansı Əməkdaşlıq Şurasında üzvlüyünün 25 illiyini qeyd edirik", - Stoltenberg deyib.

Ermənistan kontingenti NATO ölkələri hərbi birləşmələri tərkibində keçmiş Yuqoslaviya və Əfqanıstan ərazisində sülhməramlı əməliyyatlarda iştirak edir.

Jurnalistlərdən birinin Ermənistanın Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının NATO ilə əməkdaşlığına maneə olduğuna dair suala cavab verən Serj Sarkisyan "bunda heç bir ziddiyyət" olmadığını dedi.

"Şübhəsiz, NATO və KTMT müxtəlif məqsədlərə xidmət edirlər. Lakin təcrübəmiz ona dəlalət edir ki, ölkənin öz təhlükəsizliyini təmin etməsi üçün müxtəlif formatlarda əməkdaşlıq elementlərinin tapılması vacibdir", - deyə Sarkisyan Avropa İttifaqı ilə danışıqlar zamanı Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına üzvlüyünün də Aİ-də "müəyyən narahatlıqlar" doğurduğu xatırlatdı.

"O zaman biz NATO-nu misal gətirirdik ki, KTMT-nin üzvü olaraq biz 25 ildir NATO ilə əməkdaşlıq edirik və heç bir pis şey olmur", - Sarkisyan deyib.

Bu barədə daha geniş