Ermənistanla-Aİ münasibətləri 5 suala cavabda

Tusk və Sarkisyan Fotonun müəllifi president.am
Image caption Brüsseldə Avropa Şurasının sədri Donald Tuskla görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan danışıqların başa çatdığını bəyan edib.

BBC Azərbaycanca müxbiri Aleksey Manvelyan Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair 5 sualı cavablandırır:

1.Ermənistan və Avropa İttifaqı arasında hazırda münasibətlər nə yerdədir?

Avropa İttifaqı ilə üç il əvvəl Assosiasiya müqaviləsinin imzalanması baş tutmadıqdan sonra Ermənistanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq haqqında yeni siyasi saziş üzrə razılığa gəliblər. Danışıqlar iki il öncə başlayıb.

Bu həftənin Çərşənbə axşamı Brüsseldə Avropa Şurasının sədri Donald Tuskla görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan danışıqların başa çatdığını bəyan edib.

Avrasiya İqtisadi Birliyi (AİB) üzvü olmasına baxmayaraq, Ermənistan bu gün də Avropa İttifaqı ilə bir neçə istiqamətdə fəal əməkdaşlıq etməkdədir və Aİ Ermənistanda müxtəlif sahələrə qrantlar ayırır.

2. Sarkisyan Brüsseldə əməkdaşlığa dair nəyi müzakirə edib?

Görüşün əsas mövzusu yeni Ermənistanla-Avropa İttifaqı çərçivə sazişi olub. "Və bu gün mən məmnuniyyətlə deyə bilərəm ki, tərəflər arasında danışıqlar başa çatıb", - Avropa Şurasının sədri ilə birgə mətbuat konfransında Ermənistan prezidenti deyib.

Ermənistan prezidentinin sözlərinə görə, yaxın gələcəkdə ümumi aviasiya məkanı və "Yaradıcı Avropa" təşəbbüsünə birləşmək üzrə işlərin başa çatması gözlənilir.

Avropa İttifaqı bu gün "Ermənistanın bir nömrəli ticarət partnyoru, beynəlxalq donoru və ən güclü dəstəyi" olduğunu qeyd edən Donald Tusk isə yaxın gələcəkdə Ermənistanla energetika, nəqliyyat ətraf mühit kimi sahələrdə, eləcə də ticarət və investisiya, Ermənistan və Aİ ölkə vətəndaşlarının azad gediş-gəlişi sahələrində yeni imkanlara ümid etdiyini deyib və Ermənistana bu istiqamətdə danışıqları davam etdirməyi tövsiyə edib.

3. Aİ ilə əvvəl imzalanmayan müqavilənin yenidən imzalanması mümkündürmü?

2013-cü ildə Ermənistan təxminən üç il davam edən danışıqlardan sonra Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət zonası barədə saziş imzalamağa hazırlaşırdı.

Lakin sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Serj Sarkisyan bəyan etdi ki, Ermənistan Gömrük İttifaqına, sonradan isə Avrasiya İqtisadi Birliyinə daxil olmaq niyyətindədir.

Təhlilçilər Aİ ilə "Şərq partnyorluğu" layihəsinə qatılmış Rusiyanın digər keçmiş sovet müttəfiqləri Moldova və Ukrayna kimi Moskvanın güclü təzyiqinə məruz qalan Ermənistanın assosiasiya sazişindən imtina etməyə məcbur olduğunu deyirlər.

Bundan məyus qalan ermənilər sosial şəbəkələrdə iztirablı postlar bölüşür, bəzi fəallar etiraz aksiyaları təşkil edirdi. Lakin əsas, o cümlədən, müxalif siyasi qüvvələr tərəfindən dəstəklənməyən bir neçə yüz fəalın iştirakı ilə keçirilən etiraz aksiyaları Ukrayna Maydanına çevrilə bilməzdi və öz-özünə səngidi.

Yeni saziş layihəsinin mətni hələ dərc olunmayıb, lakin Ermənistan təhlilçiləri hesab edirlər ki, Avrasiya İqtisadi Birliyinin üzvü olaraq Ermənistanla Aİ arasında imzalanacaq sənəd üç il əvvəl imzalanmayan assosiasiya müqaviləsinin "yüngül variantı" ola bilər.

"Gömrük İttifaqı, daha sonra isə Avrasiya Birliyinin üzvü olaraq Ermənistan Avropa İttifaqının tam hüquqlu üzlüyü mümkün deyil, çünki iki müxtəlif tarif qaydaları ilə işləyə bilməyəcək", Avropa Parlamentinin Britaniya Mühafizəkarlar partiyasından olan üzvü, xarici siyasət eksperti Charles Tannock BBC-yə deyib.

"Əgər sən bir Gömrük İttifaqına qoşulursansa, - deyib millət vəkili, - başqa bir yurisdiksiya ilə azad ticarətə malik ola bilməzsən".

Ermənistanın Avropa İttifaqı ilə danışıqları davam etdirmək istədiyini bildirən xarici işlər naziri Edvard Nalbandyan da etiraf edirdi ki, Ermənistanın Avropa İttifaqı ilə "bütün mümkün formatlarda" əməkdaşlığı Gömrük İttifaqı ilə (hazırda Avrasiya İqtisadi Birliyi) əməkdaşlığına zidd olmamalıdır.

4. Ermənistan və Aİ arasında yeni saziş yenə Moskvanı qıcıqlandıra bilərmi?

Təhlilçi Sergey Minasyan hesab edir ki, Ermənistan Rusiya ilə Qərb arasında "ziddiyyətlər üzərində oynamır" və müstəqillik əldə etdikdən sonra tarazlaşdırılmış siyasət yeridir. Və AİB üzvü olaraq, Ermənistanın Qərblə Rusiya arasında münaqişə şəraitində Avropa İttifaqı ilə əməkdaşlığı müsbət nümunə ola bilər.

Minasyanın sözlərinə görə, Rusiya sənədin imzalanmasına etiraz etməz, çünki Kreml anlayır ki, Ermənistan-Aİ sazişi Moskvanın Ermənistanda və Cənubi Qafqazda hərbi-siyasi nüfuzuna maneə yaratmaz.

"2013-cü ildən bəri siyasi durum dəyişib. O zaman Ermənistan faktiki olaraq postsovet məkanında Rusiya ilə Aİ arasında ilk geosiyasi mübarizə qurbanı olmuşdu. İndi vəziyyət başqadır. İmzalanası sənəd siyasi yox, texnikidir, odur ki, Rusiya-Aİ münasibətlərinə qlobal fors-major vəziyyəti yaranmasa, Rusiya buna o qədər də maneə olmayacaq", - Sergey Minasyan düşünür.

Hovhannes İqityan isə həmkarının arxayınlığına şərik deyil. "Rusiya olduqca qısqancdır. Sirr deyil ki, Avropa ilə istənilən əlaqələri Rusiya özünə qarşı yönəlmiş addım kimi qəbul edir", - İqityan deyir.

Image caption Parlament qarşısında ölkənin Gömrük İttifaqına daxil olmasına qarşı etiraz

5. Ermənistanda adi insanların Aİ-ə münasibəti nədir?

Avrasiya Birliyi tərəfdarları daha çoxdur. Əksəriyyət bunu təhlükəsizlik təminatı məsələləri ilə əlaqələndirir.

Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə tarixi problemləri olan Ermənistan faktiki blokada içindədir. Kimlərsə Rusiyanın Azərbaycana külli miqdarda "hücum silahı" satdığına etiraz edir, etibarsız müttəfiq sayır, əksəriyyət üçün isə yeganə güvənc, təhlükəsizlik təminatçısıdır.

Statistika ermənistanlıların 70 faizinin mövsüm işləri üçün Avrasiya məkanına, Rusiyaya üz tutduğunu göstərir.

Xaricdən Ermənistana köçürülən fərdi transfertlərin təxminən 75 faizi Rusiyadan gəlir. Bu, ildə 2 - 3 milyard dollar təşkil edir.

Bəziləri Ermənistanın özündə Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə işləyir və ya Rusiya hərbi strukturlarında qulluq edir.

Eyni zamanda yerli ekspertlər hesab edirlər ki, Ermənistanın Avrasiya Birliyinə qatilması ölkənin iqtisadi inkişafına müsbət təsir etməyib, əksinə, tənəzzül müşahidə olunub.

Gömrük İttifaqının (eyniliklə Avrasiya İqtisadi Birliyinin) yaradılması prosesi etiraz aksiyaları ilə qarşılanıb. Bu nümayişlər izdihamlı olmayıb.

Əsas siyasi partiyalar Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılması əleyhinə və Avropa İttifaqı ilə assosiasiya sazişi bağlanmasına qarşı aksiyaları dəstəkləməyiblər.

Nümayişlərində yalnız Azad Demokratlar və İrs partiyaları iştirak edirdi. 1.Ermənistan və Avropa İttifaqı arasında hazırda münasibətlər nə yerdədir?

Bu barədə daha geniş