Sarkisyan Fransada: Silah gücü hələ heç kəsə "xeyir gətirməyib"

Fotonun müəllifi President.am

Fransa prezidenti Francois Hollande 24 il davam edən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə irəliləyiş qeyd olunmadığı və mövcud status-kvo vəziyyətinin "qəbuledilməz" hesab etdiyini bildirib.

"Heç nə status-kvo qədər pis deyil, - deyə Parisdə Ermənistan prezidentinin rəsmi şərəfinə ziyafət zamanı Hollande bəyan edib. - Artıq 23 ildən də çoxdur ki, tərəflər danışıqlar aparır, lakin heç bir konkret nəticə əldə etməyiblər".

Hollande bu illər ərzində dəfələrlə münaqişənin "həlli yaxın göründüyü" də müşahidə olunduğunu xatırladıb.

"2014-cü ildə mən özüm təşəbbüs göstərib azərbaycanlı həmkarınızla birlikdə Parisə dəvət etdim. Biz, xüsusilə, münaqişə əsnasında itkin düşmüş şəxslərin kədərli taleyi məsələsində tərəqqiyə nail olduq. Lakin daha uzaq gedə bilmədik", - deyə Hollande danışıqların davam etdirilməsinə heç bir alternativ olmadığını bəyan edib.

"...Əgər hamımız münaqişənin hərbi yolla həllinin istisna edilmədiyi fikrilə razıyıqsa".

Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli şərtləri olaraq Madrid prinsipləri - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyünə hörmət və xalqların öz müqəddəratını təyin etmək haqları - qalmaqda olduğunu bildirib.

Fransa bu istiqamətdə istənilən təşəbbüsə dəstək olmağa hazırdır, cənab Hollande bəyan edib.

Öz növbəsində, Ermənistan prezidenti bəyan edib ki, istər iki tərəfli münasibətlər, istər regional proseslər ətrafında "Fransa ilə Ermənistanın mövqeləri çox yaxındır".

Qarabağ münaqişəsinə gəldikdə isə, "məntiqə uyğun kompromislər"in zəruriliyini bildirib.

"Silah gücü hələ heç vaxt və heç kəsə xeyir gətirməyib. Sülh isə müqabil tərəfi eşitmək və məntiqə uyğun qarşılıqlı güzəştlər zəruriyyəti hökm sürdüyü yerdə mümkündür", - Fransa prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransında Serj Sarkisyan deyib.

Ermənistan prezidentinin ikigünlük rəsmi səfərin sonunda Fransa və Ermənistan prezidentləri iki ölkə arasında "turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənəd" imzalayıblar, Ermənistan prezidentinin rəsmi saytında deyilir.

Serj Sarkisyanın Fransa səfərinə həsr olunmuş yazısında Agence France-Presse "Hollande-ın diqqət mərkəzində Qarabağ məsələsi, Serj Sarkisyanın gündəliyində isə Fransa ilə iqtisadi əlaqələrin canlandırılması" ön yer tutduğu qeyd olunur.

Bu barədə daha geniş