Gürcüstan: xüsusi təyinatlılar Batumidə mitinqi dağıdıb

Батуми Fotonun müəllifi netgazeti.ge

Gürcüstanın xüsusi təyinatlı qüvvələri Batumidə polis idarəsinin binası qarşısını bazar gününə keçən gecənin bir neçə saatı ərzində dağıntılar törətmiş etirazçılardan boşaldıb.

Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlar zamanı onlarla adam xəsarət alıb.

Kütlənin dağıdılması əməliyyatı zamanı polis təxminən 40 nəfəri saxlayıb.

Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bildirib ki, onların hamısı inzibati qaydada tutulub, lakin cinayət araşdırması aparılır və şəxslərin bir hissəsi cinayət məsuliyyəti altına düşəcək.

"Bu vandal aktın təşkilatçıları və bütün iştirakçıları qanunun bütün ciddiliyi ilə cəzalandırılacaqlar", - nazir bildirib.

Onun fikrincə, polis adekvat və proporsional güc tətbiq edib.

Daşlar və gözyaşardıcı qaz

Şahidlər deyirlər ki, səhərə yaxın polis idarəsinin binası qarşısında etirazçı qalmayıb, bələdiyyə xidməti şəhərin küçələrini tullantılardan təmizləyib və iğtişaşlar zamanı zədələnmiş maşınları yığışdırıblar.

Acarıstan muxtar respublikasının səhiyyə və sosial müdafiə naziri Zaala Mikeladze bildirib ki, xəstəxanalara 33 nəfər gətirilib, onlardan 15-i hüquq mühafizə orqanlarının əməkdaşları olub.

Fotonun müəllifi netgazeti.ge

Xalqın qəzəbi

Etirazlar şənbə günü axşam patrul polisi əməkdaşının bir sürücüyə yazdığı cərimənin məbləğinə görə başlayıb. Polislə söz atışmasından sonra polis onu saxlayıb.

Lakin hadisə yerində olan yerli sakinlər sürücünün tərəfini tutaraq hadisədən hiddətlənib və son vaxtlar polisin vətəndaşları sərt və əsassız olaraq cərimə etməsindən şikayətləniblər.

Nəticədə polislə kütlə arasında dava başlayıb, polis müqavimət göstərdiyinə görə altı nəfəri saxlayıb.

Fotonun müəllifi netgazeti.ge

Daha sonra polis həmin 6 nəfəri buraxdığını elan edib, lakin vəziyyət sakitləşməyib.

Acarıstanın daxili işlər idarəsinin binası qarşısına minə yaxın etirazçı toplaşıb.

İğtişaşlar bir neçə saat ərzində davam edib.

Əlaqəli mövzular