Ermənistan: Sabiq müdafiə naziri məhkəmə sistemindəki "çoxsaylı səhvlərdən" danışıb

Ohanyan
Image caption Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub

Ermənistanın sabiq müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" seçki blokunun lideri Seyran Ohanyan Ermənistan silahlı qüvvələrində cinayət, o cümlədən, qətl hallarının araşdırılması işində Ermənistan məhkəmə sistemi tərəfindən çoxsaylı səhvə yol verildiyini bəyan edib.

Bunu, ötən il oktyabr ayında müdafiə naziri vəzifəsindən azad edilmiş Seyran Ohanyan, bazar günü "Ohanyan-Raffi-Oskanyan" (ORO) seçki blokunun Ermənistanın Armavir şəhərində seçicilərlə görüş zamanı etiraf etməyə məcbur olub.

ORO bloku nümayəndələrinin çıxışlarını dayandıran qeyri-döyüş şəraitində orduda həlak olan əsgər anası Nana Muradyan 19 yaşlı oğlunun 8 il bundan əvvəl məhz Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə öldürüldüyünü xatırladıb.

"İndi deyirlər, dördgünlük müharibə zamanı yanacaq qıtlığı səbəbindən bizim (zirehli) maşınlar mənzil başına çata bilmədi. Bugünkü müdafiə naziri də deyir, baş naziri düz başa düşməyibsiniz - o, keyfiyyətsiz yanacaq deyib.

Axı, yanacaq niyə oğurlanmalıdır ki, əsgər də görsün və buna görə onu öldürsünlər, başını yesinlər, sonra da desinlər ki, yanacaq çatışmadı, yanacaq çirkli, keyfiyyətsiz idi - tanklar mənzil başına çatmadı?

Mənim oğlumu da elə ona görə öldürüblər, çünki oğlum yanacaq oğurluğunun şahidi olub", - əsgər anası deyib.

Image caption Arxiv: Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına qarşı etiraz aksiyası

Hüquq-mühafizə orqanları əsgər Valeri Muradyanın ordu xidməti zamanı özünü asaraq intihar etdiyini təkid edirlər.

Lakin mütəmadi olaraq prezident iqamətgahı, parlament, hökumət, məhkəmə və başqa dövlət orqanı binaları önündə etiraz aksiyaları keçirən əsgər anası oğlunun bədənində çoxsaylı yaraların onun rəsmi ölüm səbəbinə aidiyyatı olmadığını bildirir.

Nana Muradyan orduda qeyri-döyüş şəraitində ölən başqa əsgər anaları ilə övladının "həqiqi ölüm səbəbi"nin müəyyən edilməsi və "əsl günahkarların" cəzalandırılması üçün mübarizə aparır.

"Qara geyimli qadınlar"ın prezident iqamətgahı qarşısında aksiyaları dəfələrlə polis tərəfindən dağıdılıb. "Qara geyimli qadınlar", müdafiə naziri olarkən Seyran Ohanyanla da görüşüblər.

Sabiq müdafiə naziri Nana Muradyanın şikayəti ilə bağlı, rəsmi araşdırma təşkil edilib və "adamlar cəzalandırılıblar", deyib.

"Şübhəsiz hamının nöqsanları olub, o cümlədən, mənim... Lakin bu nöqsanların böyük hissəsi müdafiə nazirindən deyil, məhkəmə sistemi və hazırda Ermənistan Respublikasında hökm sürən durumdan asılıdır", - Seyran Ohanyan jurnalistlərə deyib.

Bu barədə daha geniş