Ermənistan prezidentinin Moskvaya səfəri başlayıb

Sarksiyan Fotonun müəllifi President.am

Bu gün Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya ikigünlük rəsmi səfəri başlayır.

Səfərin ikinci günü Sarkisyanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar əsnasında "iki strateji tərəfdaş ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəni sahələrdə əməkdaşlıq və Avrasiya məkanında inteqrasiya əlaqələrinin inkişafı perspektivlərinə aid məsələlər" müzakirə olunacaq, Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Rusiya və Ermənistan prezidentləri bir sıra aktual regional və beynəlxalq məsələlər ətrafında, ilk növbədə, Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesi üzrə fikir mübadiləsi aparacaqlar.

Vladimir Putinlə danışıqları ərəfəsində "İzvestia"ya müsahibəsində Ermənistan prezidenti deyib ki, Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyin etmək hüquqları əsasında həll olunmalıdır.

"Biz ona əsaslanırıq ki, xalqın öz taleyini idarə etmək haqqı müasir dünya quruluşunun ayrılmaz hissəsidir. Və Dağlıq Qarabağ münaqişəsi məhz bunun əsasında həll olunmalıdır", - Ermənistan prezidentini "İzvestiya" iqtibas edir.

Səfərin ilk günü Ermənistan prezidenti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) tələbə və professor-müəllim heyəti ilə görüşdə iştirak edtməlidir.

Səfər Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin 25 illik yubileyi çərçivəsində keçirilir. Daha əvvəl Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü olub.

Eyni formatda danışıqlar Rusiya və Azərbaycan XİN rəhbərləri arasında da baş tutub.

Və danışıqlardan sonra mətbuat konfransında Qarabağ problemindən danışan Sergey Lavrov iki-üç əsas məsələnin razılaşdırılmadığını bildirmişdi.

Bu barədə daha geniş