Frankfurt mitinqindən sonra Türkiyə Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırıb

PKK-nın lideri Abdullah Öcalan plakatları, 18 mart 2017 Fotonun müəllifi Boris Roessler/dpa via AP

Almaniyanın Frankfurt şəhərində kürd fəalların mitinqi keçiriləndən sonra Türkiyə Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Şənbə günü keçirilən mitinqdə təxminən 30 000 kürdpərəst fəal iştirak edib. Onlar vətəndaşları, Prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini genişləndirən 16 aprel referendumunda "yox" deməyə səsləyib.

Prezident Erdoğanın sözçüsü İbrahim Kalın hadisəni "skandal" adlandırıb.

"Dünən (şənbə günü) Almaniya daha bir skandala imza atıb", cənab Kalın CNN-Türk telekanalına deyib.

İbrahim Kalının sözlərinə görə, etirazçılar "Novruz bəhanəsiylə separatçı terror təşkilatının bayraqlarını dalğalandırıb".

"Mövzu isə birbaşa Türkiyədir, mövzu birbaşa referendumdur".

Fotonun müəllifi AFP/Getty Images

Almaniyada polis sözçüsü deyib ki, şənbə günü Frankfurtda keçirilən yürüş dinc keçib.

Etirazçıların çoxu qadağan olunmuş PKK-nın plakatları ilə yürüşə çıxıb.

Almaniyada yaşayan təxminən 1,4 milyon Türkiyə vətəndaşı aprelin 16-da keçiriləcək referendumda səs verə bilər.

Bu barədə daha geniş