Yerevanda "çörək gətirən"in ölümü ilə bağlı etirazlar davam edir

  • 20 Mart 2017
polis Yerevanda küçənin ortasında oturub yolu bağlayan nümayişçiləri kənara çıxardır
Image caption Polis küçənin ortasında oturub yolu bağlayan nümayişçiləri kənara çıxardır

Yerevanda ötən il xüsusi təyinatlı qüvvələrin mühasirəsini yarıb, polis keşikçi-patrul xidməti alayı binasını ələ keçirən "Sasna tsrer" ("Sasun çılğınları") silahlı dəstəyə ərzaq aparan Artur Sarkisyanın ölümü ilə bağlı nümayişlər davam edir.

Etiraz aksiyaları "Çörək gətirən" adını almış Artur Sarkisyanın ötən həftənin cümə axşamı xəstəxanada ölümündən sonra başlayıb.

"Çörək gətirənin" xatirəsinə aksiya iştirakçılarının bir qrupu Azadlıq meydanında fasiləsiz oturaq tətili keçirir.

Hər axşam onlara birləşən yüzlərlə nümayişçi "Rejim çörək gətirəni öldürdü", "Serjik - qatil" çağırışları ilə gecə yarısınadək davam edən yürüşdə iştirak edir.

Yerevanda “Çörək gətirən”in ölümü ilə bağlı aksiya

Bazar günü axşamı polis, güc tətbiq edərək, nümayişçilərin mərkəzi küçələri bağlamaq cəhdlərinin qarşısını alıb.

Nəticədə nümayişçilərlə polis arasında toqquşma baş verib. Zərər çəkən və həbs olunan olmayıb.


Daha ətraflı oxuyun:


Yerevan polis rəisi müavini, polkovnik Valeri Osipyan polisin nəqliyyatın hərəkətini bərpa etmək üçün nümayişçiləri küçədən çıxardarkən "kobud qüvvə" tətbiq etmədiyi, qanun çərçivəsində hərəkət etdiyi və, sadəcə, ictimai asayişi bərpa etdiyini jurnalistlərə bildirib.

Nümayişçilər Ermənistan baş prokuroru Artur Davtyanın istefası, "çörək gətirən" Artur Sarkisyanın ikinci dəfə həbsi barəsində vəsatət verən müstəntiqə və vəsatəti təmin edən hakimə qarşı cinayət işini başlamağı tələb edirlər.

Bu gün axşam Artur Sarkisyanın xatirəsinə Azadlıq meydanında mitinqdən sonra yenə yürüş keçiriləcək.

50 yaşlı Artur Sarkisyan ötən cümə axşamı Yerevanın "Armenia" tibb mərkəzində dünyasını dəyişib. Prokurorluq, ilkin ölüm səbəbi ürək-ağciyər çatışmazlığı olduğunu deyib.

Ermənistan İstintaq Komitəsi Sarkisyanın ölümü ilə bağlı cinayət işini açıb.

Image caption Nümayişçilər "çörək gətirən"in adını - Artur, Artur səsləyir

Artur Sarkisyan ötən il iyulun 26-da şəxsi minik avtomobili ilə polis mühasirəsini yararaq, "yemək ehtiyatı tükənmiş" keşikçi-patrul xidməti ərazisinə nəzarət edən silahlı dəstəyə ərzaq aparıb, və təslim olan silahlı dəstə üzvləri ilə birlikdə həbs edilmişdi.

Artur Sarkisyan silahlı dəstə ilə əlbirlik ittihamı ilə həbs olunub, lakin 2016-ci ilin dekabrında şəhəri tərk etməmək imzası ilə azadlığa buraxılmışdı.

Lakin bu il fevralda Artur Sarkisyan iltizam şərtlərini "pozduğuna görə" yenə azadlıqdan məhrum edilib.

İkinci həbsdən sonra Sarkisyan uzunmüddətli aclıq aksiyasına başlayıb, nəticədə onun səhhəti kəskin şəkildə pisləşib.

Martın 6-da Artur Sarkisyan millət vəkillərinin zəmanəti və pul girovu ilə həbsxanadan azad edilib və "Dustaqlar xəstəxanasından" mülki xəstəxanaya köçürülmüşdü.

Image caption Etirazçılar yolun ortasında oturub, nəqliyyat hərəkətini bağlayıblar.

Bu barədə daha geniş