Ermənistan təmsilçisi “Eurovision 2017” müsabiqəsinə buraxılmaya bilər

Artsvik Fotonun müəllifi Eurovision Song Contest/Youtube
Image caption Artsvik

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə may ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Ermənistanı təmsil etməyə hazırlaşan Artsvik Harutyunyanın Ukrayna qanunlarını pozması faktını yoxlayır.

Rusiya vətəndaşı olan Artsvik Harutyunyanın "Rusiyanın ilhaqından sonra" Krıma getməsi təsdiqlənsə, ifaçı barəsində "ayrıca qərar qəbul edilə bilər", Life.ru ilə söhbətində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşşenko deyib.

Daha əvvəl Kiyev Rusiya təmsilçisi Yuliya Samoylovanın, Krımda çıxış etdiyinə görə, Ukrayna qanunlarını pozduğunu bəyan etmişdi.

"Axı olmaz ki, Krıma daxil olduğuna görə Yuliya Samoylova məsuliyyətə cəlb edilsin, başqaları isə yox. Bu ədalətli olmaz. Ermənistan iştirakçısının Krımda çıxış etdiyi aşkar olarsa, bu, bütün müddəalar üzrə nəzərdən keçiriləcək", - Anton Qeraşşenko bəyan edib.

Ukrayna rəsmisi qeyd edib ki, UTX müsabiqədən qabaq hər bir Eurovision iştirakçısının Krımda olmasına dair yoxlama aparacaq.

2017-ci il Avroviziya Mahnı Müsabiqəsində "Fly With Me" mahnısı ilə Ermənistanı təmsil edən Artsvik Harutyunyan 5 yaşından Rusiyada yaşayır və Rusiya estrada nümayəndələri Polina Qaqarina, Pelageya, Aleksandr Panayotovla dostluq edir.

Ermənistan Avroviziya Mahnı Müsabiqəsində 2006-cı ildən iştirak edir. Ən yaxşı nəticələri dördüncü yer olub - 2008-ci ildə Siruşo və 2014-cü ildə Aram MP3 (Aram Sarkisyan).

Ukraynaya "Eurovision 2017" müsabiqəsini keçirmək haqqını ötən il İsveçdə keçirilən müsabiqədə müğənni Camalanın qələbəsi qazandırıb.

Kiyevdə "Eurovision 2017" Müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edir. Müsabiqənin yarımfinalı mayın 9 və 11-də, finalı - 13-də keçiriləcək.

Bu barədə daha geniş