Ukrayna Rusiyanın “Eurovision” təmsilçisinə ölkəyə girişi qadağan edib

Samoylova Fotonun müəllifi Maria Antipina/TASS

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə keçiriləcək "Eurovision" musiqi müsabiqəsində Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyub.

UTX-nin mətbuat katibi Yelena Qitlyanskayanın Facebook səhifəsində verdiyi məlumata görə bu qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə məlumatlara əsasən verilib.

Qitlyanskaya məhz hansı qanundan söhbət getdiyini dəqiqləşdirməyib. Lakin məlum olduğu kimi, işğal edilmiş Krımda konsert verən Samoylova yarımadaya gedərkən Ukrayna hakimiyyətindən icazə istəməyib.

Qitlyanskaya Facebook-dakı paylaşımında Samoylovanın Kerç şəhərində konsertindən olan fotonu da yerləşdirib.

Kiyevin bəyanatına artıq rusiyalı parlamentarilər reaksiya veriblər. Rusiya Dumasının mədəniyyət komitəsinin fikrincə, belə olan halda Rusiya bu il "Eurovision" müsabiqəsində iştirak etməməlidir.

Federal Şuranın müdafiə üzrə komitəsinin birinci müavini Frans Klintseviç öz növbəsində müsabiqə təşkilatçıları Samoylovanı müdafiə etməyəcəkləri təqdirdə Rusiyanın bu müsabiqəni vaxtından əvvəl boykot edəcəyinə dair vəd verib.

Samoylova martın 12-də ölkəsini "Eurovision" yarışmasında təmsil edəcək. Buna qədər müğənni və bəstəkar olan Samoylova müxtəlif musiqi yarışmalarında dəfələrlə birinci yeri qazanıb.

2014-cü ildə Soçidə keçirilən Paralimpiya oyunlarının açılış mərasimində iştirak edən Samoylova orada "Vmeste" (Birgə) mahnısını ifa edib.

Rusiya telekanalının məlumatına görə, uşaqlıqdan əlil arabasında hərəkət edən Yuliya birinci qrup əlildir.

Əlaqəli mövzular

Bu barədə daha geniş