Poroşenko: Voronenkovun qətli Rusiya tərəfindən terrordur

Petro Poroşenko Fotonun müəllifi Getty Images

Ukrayna prezidenti Petro Poroşenko Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlini Rusiya tərəfindən həyata keçirilən terror aktı adlandırıb.

Prezidentin mətbuat katibi Svyatoslav Çeqolkonun sözlərinə görə, Poroşenko bu fikirləri Voronenkovun qətlindən dərhal sonra güc srtukturları ilə keçirdiyi görüşdə səsləndirib.

"Kiyevin mərkəzində Denis Voronenkovun məkrli qətli onun siyası baxışlarına görə tərk etməyə məcbur olduğu Rusiya tərəfindən həyata keçirilən dövlət terror aktıdır. Rusiya xüsusi xidmət orqanlarının dəsti-xətti bundan əvvəl müxtəlif Avropa paytaxtlarında da özünü göstərib", - deyə Poroşenko bildirib.

Poroşenko həmçinin, Voronenkovun Rusiyanın Ukraynaya qarşı təcavüzünün, xüsusilə ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin Rusiya ordusunun Ukraynaya yeridilməsindəki rolunun əsas şahidlərindən biri olduğunu əlavə edib.

İttihamlar

Poroşenkonun fikrincə, Voronenkovun qətlinin Balakleyada silah anbarındakı təxribatla eyni gündə baş verməsi təsadüf deyil.

Ukrayna polis rəisinin müavini Aleksandr Vakulenko qətlin əsas versiyasını "Rusiya Federasiyasının hərəkəti" adlandırıb.

Rusiya XİN-yi isə bəyan edib ki, Poroşenkonun bu bəyanatı cinayətlə bağlı istintaqın obyektiv aparılmayacağından xəbər verir.

"Ukrayna prezidentinin bu bəyanatından sonra, Moskvanın heç bir şübhəsi yoxdur ki, Kiyev həqiqəti gizlətmək üçün əlindən gələni edəcək", - Rusiya XİN məlumatında bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna tərəfinin qətllə bağlı ehtimallarını absurd adlandırıb.

Voronenkov necə öldürülüb

Voronenkov martın 23-də Kiyevdə qətlə yetirilib.

TT tapançasından ona bir neçə dəfə atəş açılıb və aldığı yaralardan biri ölümcül olub.

Onun mühafizəçisi cavab atəşi açaraq hücum edəni yaralayıb. Lakin mühafizəçəinin özü də atışmada xəsarət alıb.

Hazırda hər iki ziyan çəkən - mühafizəçi və Voronenkonun ölümündə şübhəli bilinən şəxs xəstəxanadadır.

Onların polis nəzarətində olduğu bildirilir.

Ukrayna siyasətçiləri və məmurları qətlin Rusiya xidmət orqanları tərəfindən təşkil olunduğuna əmindirlər.

Voronenkovun Rusiya Dövlət Dumasındakı keçmiş həmkarları isə öz növbəsində qətldə Ukrayna radikallarını ittiham edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş