Çeçenistanda 6 Rusiya hərbçisi öldürülüb

Боец Росгвардии Fotonun müəllifi Sergei Savostyanov/TASS

Çeçenistanda döyüşçülərin Milli Qvardiya bazasına hücumu nəticəsində 6 hərbçi həlak olub. Hücum edən döyüşçülərin hamısı öldürülüb.

Milli Anti-Terror Komitəsi bildirib ki, 6 döyüşçü Çeçenistanın Naurski rayonunda yerləşən Milli Qvardiya bazasına Moskva vaxtı ilə gecə saat 2 radələrində hücum edib.

Komitənin verdiyi məlumata görə, döyüşçülər dumanlı havadan istifadə edərək hərbi bazaya girməyə cəhd ediblər, lakin hərbçilər onları aşkar edə biliblər.

"Baş vermiş döyüş nəticəsində quldur dəstəsi zərərsizləşdirilib. Quldurların üzərində silah və döyüş sursatları və ikisinin cəsədində intihar jileti aşkar edilib", komitənin bəyanatında deyilir.

RİA Novosti saytı həlak olan 6 Rosqvardiya hərbçisindən ayrı ən azı 3 hərbçinin də yaralandığını bildirib.

Bəzi Rusiya xəbər agentlikləri atışmada 8 döyüşçünün iştirak etdiyini və onlardan ikisinin qaça bildiyini bildirirlər. Lakin Milli Anti-Terror Komitəsi və Milli Qvardiya bu məlumatı təsdiqləməyiblər.

Rusiya Milli Qvardiyası keçən ilin yazında prezidentin əmri ilə təsis edilib. Daxili işlər nazirliyi kimi "Rosqvardiyanın" da vəzifəsi ictimai asayişi qorumaqdır.

İnterfaks agentliyinin bildirdiyinə görə, "Rosqvardiya", həmçinin, şimali Qafqazda anti-terror əməliyyatlarında fəaliyyət göstərir.

Bu barədə daha geniş