Tanınmamış DQR-in "sabiq müdafiə naziri" Samvel Babayan 2 aylıq həbs edilib

Samvel Babayan

Yerevan məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin vəsatətini təmin edərək, tanınmamış "Dağlıq Qarabağ Respublikası özünümüdafiə ordusu"nun sabiq komandanı Samvel Babayan barəsində iki aylıq həbs qərarı qəbul edib.

Samvel Babayan qeyri-qanuni silah, döyüş sursatları, partlayıcı maddə və qurğu əldə edilməsi, saxlanması, satışı, nəqli və ya daşıması, eləcə də ilkin sövdələşmə əsasında bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq maddəsi üzrə ittiham olunur.

O, Gürcüstandan Ermənistana "İqla" tipli portativ zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində martın 22-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb. Cinayət işi üzrə daha iki nəfərin həbs edildiyi bildirilir.

Ermənistan Respublikası Cinayət Məcəlləsinə əsasən, tutulub saxlanılan şəxsə qarşı 72 saat ərzində ittiham irəli sürülməsə o, sərbəst buraxılmalıdır.

Cümə günü dindirmə zamanı Samvel Babayan PZRK İqla qaçaqmalçılığına aidiyyatı olmadığı və cinayət işi üzrə həbs edilən şəxslərlə tanış olmadığını bildirib, onun vəkili Avetis Kalaşyan yerli jurnalistlərə deyib.

Samvel Babayan apreldə keçiriləcək parlament seçkiləri kampaniyasında sabiq Ermənistan müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər nazirləri Raffi Hovhannisyan və Vardan Oskanyanın daxil olduğu Ohanyan-Raffi-Oskanyan (ORO) seçki blokunu təbliğ edir.

ORO bəyan edib ki, Samvel Babayan məhz buna görə təqib edilir.

ORO seçki bloku Samvel Babayanın həbsini "təxribat, qorxu ab-havasını yaratmaq və işimizə maneə olmaq məqsədilə seçki qərargahları və namizədlərimiz üzərinə kütləvi xarakter daşıyan təzyiq" adlandırıb.

Bu barədə daha geniş