Rusiyada müxalifət lideri Aleksey Navalnı həbs edilib

Aleksey Navalnı Moskvadakı mitinqdə polis tərəfindən saxlanılır Fotonun müəllifi Reuters
Image caption Navalnı mərkəzi Moskvada keçirilən mitinqdə saxlanılıb

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı Moskvada, özünün təşkil etdiyi anti-korrupsiya mitinqində həbs edilib, şahidlər deyir.

Etirazçılar onun polis maşınında aparılmasının qarşısını almağa cəhd ediblər.

Minlərlə adam ölkə boyu keçirilən mitinqlərə qoşulub və onlarla fəal həbs olunub.

Yürüşlərin əksəriyyəti qanunsuz olub - yəni, rəsmi icazə verilmədən təşkil olunub.

Müxbirlər deyir ki, etirazlar 2011-2012-ci illərin anti-hökumət etirazlarından bəri Rusiyada keçirilən ən böyük narazılıq nümayişləridir.

Nümayişçilər korrupsiya iddialarına görə Baş nazir Dmitri Medvedevin istefasına çağırış edib.

Paytaxtda keçirilən aksiyaya görə şəhər boyu polisin sayı çoxdur.

Etirazçılar "Putinsiz Rusiya!" və "Putin oğrudur!" kimi şüarlar səsləndiriblər.

Navalnı aksiyaya qoşulanda polis tərəfindən saxlanılıb, Rusiya mediası xəbər verir.

Bundan sonra göndərdiyi Twitter mesajında o, aksiya iştirakçılarını mitinqə davam etməyə çağırıb.

"Dostlar, mən yaxşıyam. Mənim üçün mübarizə aparmağa dəyməz. Tverskaya küçəsilə gedin. Bugünün mövzusu - korrupsiya ilə mübarizədir", o tvitləyib.

Sankt Peterburq, Vladivostok, Novosibirsk, Tomsk və bir sıra digər şəhərlərdə də etirazlar baş tutub və həbslərin baş verdiyi deyilir.

Fotonun müəllifi AFP
Image caption Minlərlə adam aksiyaya qoşulub
Fotonun müəllifi AP
Image caption Navalnının saxlandığı avtobusun qarşısında toplaşan etirazçılar

Əlaqəli mövzular

Bu barədə daha geniş