Thomas Cook: Turistlər Türkiyəyə geri dönməyə başlayıb

Mardan Palace Fotonun müəllifi AFP

Avropanın ən böyük turizm agentliklərindən biri olan və İngiltərədə mənzillənən Thomas Cook şirkəti turistlərin Türkiyəyə və Misirə geri dönməyə başladığını bildirb. Şirkət ötən il ciddi sıxıntılarla üzləşən hər iki ölkəyə marağın bu il artdığını söyləyib.

"Turizm baxımından 2016-cı il çox çətin il oldu. Bu ildə hələ ki yavaş başlayıb, amma səyahət edənlərin Türkiyə və Misirə geri dönməsinə dair xəbərlər gəlir", - deyə şirkətin məlumatında qeyd olunub.

İD və PKK-nın hücumları və ötən ilin iyul ayında Türkiydəki dövlət çevrilişinə cəhd Avropadan bu ölkəyə gələn turistlərin sayının xeyli azalmasına səbəb olmuşdu.

Thomas Cook ötən il verdiyi açıqlamada avropalı turistlərin Türkiyənin yerinə yunan adalarına və İspaniya kimi altenativ ölkələrə üstünlük verdiyini bildirmişdi.

Tükiyənin Statistika Komitəsinin məlumatına görə, ötən il Türkiyəyə gələn xarici ziyarətçilərin sayı 30,5 faiz, turizm gəlirləri isə 29,7 faiz azalıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi isə 2017-ci ilin yanvar ayında ölkəyə gələn turist sayının artaraq 9,81 faiz təşkil etdiyini bildirb.

Xüsusilə, yanvar ayında Rusiyadan gələn turistlərin sayının 81,51 faiz artması ümumilikdə vəziyyətin düzəlməsinə kömək edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş