Çeçenistan parlamenti məktəblərdə hicaba icazə verib

Qroznıda baş örtüyü ötən ildən məktəbli formasının bir hissəsi sayılır Fotonun müəllifi Yelena Afonina/tass
Image caption Qroznıda baş örtüyü ötən ildən məktəbli formasının bir hissəsi sayılır

Çeçenistan parlamenti təhsillə bağlı qanunda "təhsil alanlara dinə uyğun geyinmək hüququ" verən dəyişikliyin edilməsi təklifini qəbul edib.

Beləliklə, məktəblərdə ənənəvi dini geyimlər və rəmzlərdən istifadəyə icazə verilib. Qanunun qəbul olunmasına Çeçenistan prezidenti Ramzan Kadırovun təhsil naziri Olqa Vasilyova ilə ictimai müzakirələri səbəb olub.

"Çeçenistan Respublikasında qüvvəyə minən "Çeçenistan respublikasında təhsil" qanununun 23.1-ci maddəsi "Rusiya Federasiyasında təhsil" qanununun 38-ci maddəsinə zidd deyil",- deyə dəyişiklikləri təqdim edən Çeçenistanın təhsil, elm və mədəniyyət üzrə komitəsinun sədri Bekxan Hasbulatov bildirib.

Regional parlament dini geyimləri və rəmzləri daşımaq hüququnun Rusiya və Çeçenistan konsitusiyasında yer aldığını təkid edib.

"Qafqazskiy uzel" portalının yazdığına görə, 2016-cı ilin 1 sentyabrından Qroznı məktəbləri vahid geyim formasına keçiblər. Qızlar üçün nəzərdə tutulan forma dəstinə o cümlədən baş yaylığı da daxil olub.

Rusiyanın bəzi regionlarında hicabdan istifadə məsələsi Ali Məhkəmə tərəfindən nizamlanıb. 2013-cü ilin yayında Rusiya Ali Məhkəməsi Stavropol ümumtəhsil məktəblərində hicab taxılmasına qadağa qoyan qərar çıxarmışdı.

Məhkəmənin bu qərarı verməsinə 2012-ci ildə bəzi rayonlarda müsəlman qızların məktəbə hicabla buraxılmaması və müsəlmanların buna etiraz etməsi səbəb olmuşdu.

O zaman insidentə müdaxilə edən Rusiya prezidenti Vladimir Putin məktəbə hicabla gəlməyin yaxşı olmadığını və bu adətin Rusiyanın müsəlman regonlarında belə heç vaxt olmadığını bildirmişdi.

İnsidentin nəticəsi olaraq Stavropol diyarında bütün məktəblərdə klassik nümunəli məcburi forma tətbiq edilmişdi.

Çeçenistan prezidenti Ramzan Kadırovla təhsil naziri Olqa Vasilyeva arasında dini geyim barəsində gedən müzakirələr hicab məsələsini yenidən gündəmə gətirib.

Xanım Vasilyeva Rusiya məktəblərində oxuyanların dini rəmzlərdən istifadə etməsinin tərəfdarı olmadığını bəyan edib.

"Mən düşünmürəm ki, həqiqətən inanclı insanlar dini imanlarını hansısa rəmzlə nümayiş etdirməyə cəh etsinlər. Bizdə təhsil dünyəvidir. Konstitusiya məhkəməsi hicabın yerli məktəblərdə qadağası barədə qərar çıxarıb ", - deyə Vasilyeva Belozerye tatar kəndində şagirdlərin və müəllimələrin yaylıq örtməsinə qoyulan qadağanı şərh edərkən deyib.

Cənab Kadırov nazirin bəyanatına emosional şəkildə reaksiya verib.

"Maraqlıdır, nazir yerli rəhbərliyin səhvini düzəltmək yerinə öz "şəxsi fikirlərini" milyonlarla vətəndaşa təlqin edir. Mənim məktəbdə oxuyan 3 qızım hicab taxır və onlar əlaçıdırlar. Olqa Vasilyeva tələb edir ki, onlar hicabı çıxartsınlar? Qızlar heç zaman bunu etməzlər ", - deyə Kadırov İnstagram-da belə yazıb.

Əlaqəli mövzular