Ermənistanda parlament seçkiləri başa çatıb

BBC

Ermənistanda bazar günü 6-cı çağırış parlament seçkiləri başa çatıb.

Ermənistan mərkəzi seçki komissiyasının verdiyi məlumata görə, yerli vaxtla saat 17:00-də seçici fəallığı 50,93 faiz təşkil edib.

Seçkilər ölkənin prezident idarəçilik sistemindən parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan yeni konstitusiya üzrə keçirilən ilk seçkilərdir.

Yerli vaxtla səhər saat 8-dən ölkənin 2009 seçki məntəqəsində səsvermə başlayıb.

Yeni seçki məcəlləsinə əsasən, seçki dairələrinin sayı məhdudlaşdırılıb. 41 əvəzinə 13 seçki dairəsi fəaliyyət göstərir: dördü - Yerevanda, doqquzu - digər bölgələrdə.

Seçkilərdə 5 siyasi partiya və 4 blok iştirak edib: Prezident Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası, Daşnaksutyun Erməni İnqilabi Federasiyası, Erməni Dirçəlişi, Azad Demokratlar Kommunist partiyaları və Tsarukyan, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası (Konqres-EXP), Ohanyan-Raffi-Oskanyan (ORO) və "Çıxış" blokları.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, partiya blokları isə 7 faiz səs qazanmalıdır.

Ermənistan polisinin aprelin 1-nə dərc edilən məlumatına görə, seçicilərin ümumi sayı 2 milyon 564 min 195 nəfər təşkil edir.

Seçkiləri 49 yerli ictimai təşkilatının 28 min və 6 beynəlxalq təşkilatının 640-dan çox nümayəndəsi müşahidə edib: ATƏT-in İnsan Haqları üzrə Demokratik Təsisatlar Bürosu, Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti.

Seçkiləri işıqlandırmaq üçün 31 xarici KİV-ləri təmsil edən 100 jurnalist təxminən 1200 yerli KİV nümayəndələri akkreditə olunub.


Daha ətraflı oxuyun:


Eyni şəxsin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün ilk dəfə seçicilərin barmaq izləri yoxlayan qurğudan istifadə edilib. Seçki məntəqələrinin əksəriyyəti səsvermə prosesini izləyən kameralarla təchiz edilib.

Bundan başqa, seçkilərdən sonra səsvermədə iştirak edənlərin siyahısının açıqlanması nəzərdə tutulur.

Bu seçki ilk dəfə olaraq, 2015-ci il konstitusiya islahatına əsasən, Ermənistanda 100 faiz proporsional seçki sistemi üzrə keçirilib.

Yeni Konstitusiya üzrə, 2018-ci ildə ölkə prezidentinin səlahiyyətləri başa çatdıqdan sonra Ermənistanın bütövlüklə parlament idarəçilik sisteminə keçmə prosesi başlayacaq.

Yeni Konstitusiya üzrə prezident dövlət başçısı hesab edilir, lakin konstitusiya həyata keçirildikcə, azı 101 üzvdən ibarət Milli Məclis ölkənin əsas hakimiyyət orqanına çevriləcək.

Mandatların mürəkkəb bölüşdürülmə sistemi və Milli Məclisdə stabil parlament çoxluğunu təşkil etmək haqqını təmin edən 54 faiz mandat tələbi parlament üzvlərinin sayının aşağı həddini müəyyən etmək imkanı verir.

İlk dəfə olaraq Ermənistanda seçkilərin ikinci turunu keçirmək imkanı nəzərdə tutulub.

Seçki Məcəlləsinə əsasən, səsvermənin yekunlarına görə, hər hansı qüvvə və ya maksimum 3 siyasi qüvvələr koalisiyasının stabil çoxluq təşkil edə bilmədiyi halda, səsvermədən 28 gün sonra səsvermənin nəticələrinə görə, 1-ci və 2-ci yerləri qazanan siyasi partiya yaxud blokun iştirakı ilə seçkilərin ikinci turu keçirilə bilər.

İkinci turun qalibinə stabil çoxluq təmin edən əlavə mandatlar təqdim edilir.

Bu barədə daha geniş