Britaniya mətbuatı: İngiltərədə "yumurta" qalmaqal yaradıb

Eiffel qülləsi Fotonun müəllifi SPUTNIKFRANCE
Image caption Sankt Peterburq üçün təkcə Eiffel qülləsi işıqlarını söndürüb

Londondakı Chatham House siyasi tədqiqatlar mərkəzində Rusiya və Avrasiya proqramının rəhbəri James Nixey "The İndependent" qəzetində yazır ki, Qərb, mətbuatın verdiyi bütün təfərrüatlı reaksiyalara baxmayaraq, ümumilikdə Rusiyanın terror hücumuna hədəf olmasına bir qədər soyuqqanlı yanaşıb və bunun çox incə səbəbləri var.

"Rusiya terrorizm qurbanı olub. Ən azı hər hansı başqa bir Qərb ölkəsi kimi...Əslində Londondakı Parlament binaları, Berlindəki Brandenburq darvazası və Avropa boyunca başqa simvolik binalar hüsn-rəğbət və həmrəylik əlaməti kimi işıqlarla Rusiya bayrağının rənglərinə boyanmalı idi, lakin bu, baş verməyib" - yazır Nixey.

Müəllif yazır ki, terror şübhəlisinin əvvəlcə Şimali Qafqazdan olduğu düşünülsə də, indi onun Qırğızıstandan olduğu elan edilib.

Nixey-in fikrincə, hökumətin əsas diqqəti bütün "qeyri-rus xarici görkəminə" malik olanlara yönəlib.

Müəllif qeyd edir ki, əgər şübhəlinin Mərkəzi Asiyadan olduğu rəsmən təsdiqlənərsə, bu, həmin regiondan hər il 3-4 milyion mövsümi miqrantı qəbul edən Rusiya üçün pis xəbər olacaq. Rusiya ABŞ-dan sonra belə böyük miqrant axını ilə üzləşən ikinci ölkədir.

Məqalədə deyilir ki, Qırğızıstan adı da tamamilə təəccüb doğurmayıb, çünki 2016-cı ildə İstanbul hava limanında baş vermiş intiharçı bomba partlayışının şübhəliləri də Şimali Qafqaz və Mərkəzi Asiyadan idilər. Nixey yazır ki, terror mənbəyi kimi bu regionlara əslində Qərb ölkələri də daha diqqətlə yanaşmalıdırlar.

Brandenburq qapıları

Nixey yazır ki, Rusiya Mərkəzi Asiyaya Suriyada olduğu kimi kobud müdaxilə etməyib, əksinə Qırğızıstan məsələsində təmkin nümayiş etdirib. 2010-cu ildə qırğızlar və özbəklər arasında toqquşmalar baş verəndə də, Moskva münaqişəyə qarışmayıb. Buna baxmayaraq Kreml əlbəttə Qırğızıstanın növbəti hökumətini təsirləndirə bilib.

Nixey yazır ki, bütün bunlara baxmayaraq, Rusiyada terrorun səbəblərini araşdırarkən, Moskvanın özünün ölkə daxilində və xaricdəki hərəkətlərinə baxmamaq olmur, hərçənd bu hərəkətlər terror hücumlarına haqq qazandırmır, amma onları izah edir.

Nixey yazır ki, 2005-ci ildə Londonda baş vermiş iyul terror hücumu təhlilçilər tərəfindən həm də Britaniyanın Yaxın Şərqdəki bombardman əməliyyatları ilə əlaqələndirilirdi və əslində, belə yanaşma məntiqidir. Lakin bu yanaşma belə yanaşma Rusiyada qəbul edilmir. Buna görə də belə bir təsəvvür yaranır ki, Rusiya üçün qüdrətli dövlətin siyasi doktrinası və siyasi gündəliyi insan həyatından daha qiymətlidir.

Nixey yazır ki, Rusiyanın və Qərbin terrora yanaşması və reaksiyası arasında çox böyük fərq var.

Müəllif qeyd edir ki, məhz bu səbəbdən də Nitsa və London terror aktları zamanı olduğu kimi Sankt Peterburq hücumunun ardınca Brandenburq qapıları Rusiya bayrağının rənginə boyanmayıb.

Rusiyanın böyüklüyü onu daha böyük terror hədəfi edir

"Əlbəttə, bu o demək deyildir ki, qərblilərin Peterburq qurbanlarına rəğbəti Nitsa və ya London hücumunun qurbanlarına rəğbətindən azdır. Belə yanaşma iqrçilik olardı. Lakin reaksiyalara iki izahat var" - yazır Nixey.

Müəllifin fikrincə, birinci səbəb Rusiyanın öz sərhədlərindən kənarda yürütdüyü geosiyasətdir. Bu geosiyasət Rusiyanın daxilində dövlət telekanalları vasitəsilə ictimaiyyətə yalnız hökumət mövqeyindən çatdırılır. Adamlara təlqin edilir ki, Rusiyanın xaricdə yürütdüyü siyasət yeganə düzgün siyasətdir.

Müəllifin qənaətinə görə, Rusiyada terrora Nitsada olduğundan fərqli yanaşılması Rusiyanın hələ qəddarlaşdırılmış cəmiyyət olaraq qaldığını göstərir. Rusiyada baş vermiş terrora rəsmi dövlət münasibəti ədalətdən çox qisasa söykənir.

Nixey yazır ki, bütün bu reaksiyalarına baxmayaraq Rusiya qarşısdan gələn illərdə Mərkəzi Asiyadan, Rusiyanın öz müsəlman respublikalarından qaynaqlanan daha çox terror aktları ilə üzləşə bilər.

Hazırda Suriyada İD cihadçıları sırasında 2 minədək rusiyalının vuruşduğu təxmin edilir.

Müəllifin fikrincə bunlardan bəziləri vətənlərinə qayıtdıqdan sonra zorakı aktlara üz tuta bilər.

Amma Rusiyanın terrora qəddarlıqla və qisas mövqeyindən yanaşması terroru daha da şiddətləndirə bilər. Üstəlik bu, indi, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərinin ərəfəsində daha real görünür.

Nixey yazır ki, Rusiya başqa ölkələrlə müqayisədə terror hədəsi qarşısında daha az müdafiəlidir. Belə böyük ərazidə bu qədər çox hədəfi tamamilə mühafizə etmək realist baxımdan mümkün olmaya bilər.

İngiltərədə "yumurta" qalmaqal yaradıb

Fotonun müəllifi Tristan Fewings
Image caption Yumurta söhbəti o qədər böyüyüb ki, məsələyə Baş nazir də qarışıb

Söhbət əsl yumurtadan yox, xristianların Pasxa bayramı ərəfəsində Britaniyanın əksər supermarketlərində satılan yumurta formalı şokoladdan gedir.

"The Guardian" yazır ki, ölkənin ən qədim şirniyyat istehsalçılarından Cadbury şirkətinin və Milli Mədəniyyət İrsi xeyriyyəsinin guya yumurta şokoladların üstündəki "Pasxa" sözünü yığışdırdığına dair yayılan xəbərlər hətta baş nazir Theresa May-in bu məsələyə qarışmasına səbəb olub.

İordaniyaya səfərdə olan baş nazir bununla əlaqədar təəccüb bildirib. O deyib ki, bu məsələyə heç də təkcə keşiş qızı kimi yox, həm də Milli Mədəniyyət İrsi şurasının üzvü kimi münasibət bildirir.

York arxiyepiskopu John Sentamu isə yumurtaların üzərindən "Pasxa" sözünün götürülməsini pisləyib və deyib ki, "19-cu əsrdə şokolad firmasının əsasını qoymuş John Cadbury bu olanlardan xəbər tutsaydı, məzarında çevrilərdi".

Müxalif leyboristlərin lideri Jeremy Corbyn isə baş verənləri "ifrat kommersiyalaşma" ilə izah edib.

Bəzi tənqidi fikrilərə görə supermarketlərdə alıcıların böyük bir qisminin müsəlman və ya başqa qeyri-xristian dinlərdən olduğunu nəzərə alan istehsalçılar "Pasxa" sözünü yumurtaların üstündən götürmək qərarı veriblər.

Cadbury şirkəti isə bu xəbərlərə münasibət bildirərkən açıqlayıb ki, əvvəla "Pasxa" sözü heç də bütün şokalad yumurtaların üstündən götürülməyib, ikincisi bu yumurtalar əsasən "yumurtanı tap" oyunu üçün buraxılır. Şirkət isə həmişə olduğu kimi şokoladların üzərinə "Pasxa yumurtasını tap" yox, sadəcə "Böyük Britaniya yumurta axtarışı" sözlərini yazıb. Məqsəd də bu imiş ki, bu oyunda bütün dinlərdən olan uşaqlar iştirak edə bilsinlər.

Oyun isə bundan ibarətdir ki, uşaqlar evdə baba-nənələrinin və ya valideynlərinin əvvəlcədən gizlətdikləri yumurta şokaladları tapmalıdırlar.

Buna baxmayaraq "The Guardian" qəzetinin yazdığına görə həm Cadbury şirkəti, həm də Milli Mədəniyyət İrsi indi ziyanın yarısından qayıtmağa çalışırlar.

Milli Mədəniyyət İrsi idarəsi öz internet saytında reklam olunan şokolad yumurtalar səhifəsinə "Pasxa" sözünü əlavə edib.

Halal şokolad?

Bəziləri Cadbury şirkətini öz malını daha yaxşı satmaq üçün, dini dəyərləri qurban verməkdə günahlandırırlar. Bundan əvvəl şirkətin guya "halal şokalad" istehsalına keçməsi barədə şayiələr onun üçün baş ağrısına çevrilmişdi.

Şirkət dəfələrlə vurğulayır ki, onun şokolad yumurtalarının əksəriyyətində "Pasxa" sözü yazılıb.

Bu arada Cadbury şirkəti banisinin kötükcələrindən Esther McConnell də mübahisələrə müdaxilə edib.

O Tvitterdə yazıb ki, ulu babasının guya "Pasxa" sözünə görə məzarında çevrilməsi barədə deyilənlər həqiqətə qətiyyən uyğun deyil, çünki John Cadbury İngiltərədə Xristianlığın kvakerlik təriqətinin də əsasını qoyub. Bu protestant təriqət, Pasxanı ümumiyyətlə bayram etmir.

"The Guardian" yazır ki, əslində şokolad yumurtalarla bağlı başlanmış mübahisələr və debatlar ölkədə Xristianlığa etinasızlığın artmasından doğan narahatlıqdan qaynaqlanır.

Fotonun müəllifi Fox Photos
Image caption Cadbury şirkəti banisinin kötükcəsi deyib ki, ulu babasının guya "Pasxa" sözünə görə məzarında çevrilməsi barədə deyilənlər həqiqətə qətiyyən uyğun deyil, çünki o Pasxanı heç qeyd etmirmiş.

2014-cü ildə aparılmış rəy sorğularından biri göstərib ki, Britaniya əhalisinin 48 faizindən çoxu ümumiyyətlə heç bir dinə mənsub olmadığını bildirib. Rəyi soruşulanların yalnız 43 faizi xristian olduğunu deyib.

Mənalı Şokolad Şirkəti

Mənalı Şokolad Şirkətinin (Meaningful Chocolate Company ) banisi və direktoru David Marshall əsəbiliklə qeyd edib ki, Britaniyada hər il satılan 80 milyon şokolad yumurtaların əksəriyyətinin üstündə "Pasxa" sözü yazılmayıb.

Marshall buna görə də uşaqlara İsa peyğəmbər və Pasxa yumurtasının tarixindən bəhs edən 24 səhifəlik şəkilli kitab buraxıb.

Bəzi siyasətçilər isə deyirlər ki, bu qalmaqalın arxasında heç bir dini-siyasi məsələ dayanmır. Sadəcə olaraq Cadbury malını daha yaxşı satmaq istəyir.

Lancaster Universitetinin professoru Linda Woodhead deyir ki, "Pasxa yumurtası qalmaqalı bizim bir millət kimi parçalandığımızdan xəbər verir".

"Biz artıq xristian deyilik, amma biz dünyəviçi də deyilik. Biz nəsə daha mürəkkəb başqa bir şeyik" - deyib professor.

Lakin Pasxa yumurtası qalmaqalı səngimək bilmir. Ötən gün artıq İslamın mərkəzi ölkəsi - Səudiyyə Ərəbistanında olan baş nazir Theresa May bu məsələyə bir daha qayıdıb.

"Pasxa çox mühüm bayramdır. Mənim üçün mühüm bayramdır. Bu, dünya boyunca milyonlarla xristian üçün mühüm bayramdır" - deyib baş nazir.