Türkiyə: Diyarbakırdakı partlayış terror hücumudur

diyarbakir patlama Fotonun müəllifi AFP

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Diyarbakırın mərkəzi Bağlar mahalında yerləşən Təhlükəsizlik Müdirliyində çərşənbə axşamı günü 3 nəfərin ölümü ilə nəticələnən partlayışın "terror hücumu" olduğunu bəyan edib.

Parlayış müdirlikdə zirehli maşının təmiri vaxtı baş verib.

Habertürk telekanalına canlı müsahibəsində, nazir "edilən araşdırmalar nəticəsində" hadisənin "terror hücumu" olduğunun müəyyənləşdiyini deyib.

Cənab Soylunun sözlərinə görə, partlayıcı yerin altında qazılan tunelə yerləşdirilib.

Doğan Haber Ajansı (DHA) partlayışla bağlı araşdırmada 5 nəfərin saxlandığını deyib.

Bir polis zabiti daxil olmaqla, partlayışda 3 nəfər həyatını itirib, 31 nəfər isə xəsarət alıb.

Diyarbakır Təhlükəsizlik Müdirliyi bu hadisədən də əvvəl hücum hədəfi olub.

Noyabr ayında müdirliyin xidmət binasının önündə mikroavtobusun partlayışı nəticəsində 11 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət almışdı.

2016-cı ilin may ayında bir daha Bağlar mahalında yol kənarına yerləşdirilən partlayıcının polis maşını keçərkən partladılması nəticəsində 3 nəfər həyatını itirib.

Bu barədə daha geniş