Qazaxıstan latin əlifbasına keçidə hazırlaşır

Нурсултан Назарбаев Fotonun müəllifi Getty Images
Image caption Prezident Nazarbayev Qazaxıstanın latın əlifbasına keçidinin 2025-ci ildə tamamlanmasını istəyir

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi üçün hökumətin hazırlaşmasına əmr verib.

Bunu prezidentin özü, Egemen Qazaxıstan qəzetində yazdığı məqalədə bəyan edib.

"Biz hazırlıq işlərinə başlayacağıq. Hökumət qazax dilinin latın əlifbasına keçidi üçün cədvəl hazırlamalıdır", Nurusltan Nazarbayevə istinadən İnterfaks xəbər agentliyi bildirib.

Prezident 2017-ci ilin sonunacan qazax dilinin latin əlifbası ilə yazılışı üçün bir standartın müəyyən edilməsini gözlədiyini yazıb.

Latin əlifbasına keçidin 2025-ci ildə tamamlanması planlaşdırılır. Nazarbayevin zənnincə qazax dilinin 1940-cı ildə kiril əlifbasına keçidi siyasi xarakter daşıyıb.

"Bu gün məktəb divarlardına uşaqlara ingilis dili öyrədilir və onlar heç bir problem olmadan latın hərflərini öyrənirlər. Buna görə də, gənc nəsil üçün heç bir problem olmayacaq", o, əlavə edib.

İndiki dövrdə qazax əlifbasının latın versiyası Türkiyədə yaşayan qazax diasporası və qərb ölkələrində istifadə edilir. Lakin bu əlifbanın rəsmi statusu yoxdur.

Qazax dilinin həmçinin ərəb əlifbası da mövcuddur, lakin bunu əsasən Qazaxıstandan mühacirət edənlər istifadə edir.

Qazaxıstanda 1929 və 1940-cə illər arasında istifadə edilən latın əlifbası Yanalif və yeni türk əlifbası adları ilə tanınıb.

Qazax dilinin latın əlifbasına keçidi barədə müzakirələr 2007-ci ildə, prezident Nazarbayevin təşəbbüsü ilə başlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş