İranda daşqın və torpaq sürüşməsi: azı 35 nəfər ölüb

daşqın Fotonun müəllifi Press TV

Leysan yağışları İranın şimal-qərbindəki dörd əyalətdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, azı 35 nəfər ölüb.

Böhran İdarəetmə Təşkilatının rəhbəri Esma'eel Nəccar şənbə günü bildirib ki, təbiət hadisəsi Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərinin ərazilərində baş verib.

Nəccar 16 nəfərin itkin düşdüyünü bildirib, Press TV yazır.

Axtarış və xilasetmə işləri aparılır, eyni zamanda hərbi və hüquq-mühafizə qüvvələrindən də yardım istənilib.

İranın Qırmızı Aypara Cəmiyyətinin Axtarış və Xilasetmə Şöbəsindən Şahin Fət-hi İSNA agentliyinə bildirib ki, 33 şəhər və kənddə azı 1150 nəfərə yardım göstərilib.

O qeyd edib ki, 133 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 15 nəfər təhlükəsiz ərazilərə köçürülüb və 6 nəfər tibb mərkəzlərinə aparılıb.

Məlumatlara görə, ən çox insan itkisi Şərqi Azərbaycan əyalətinin Azər-Şəhr və Əcəb-Şir dairələrində baş verib.

Kürdüstan əyaləti həm daşqınlara, həm də torpaq sürüşmələrinə məruz qalıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş