Xabarovskda naməlum şəxs FTX binasında 2 nəfəri güllələyib

FTX İdarəsi Fotonun müəllifi NIKITA PIKALEV

Хаbarovsk diyarında silahlı bir şəxs Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinin yerləşdiyi binaya daxil olaraq iki nəfəri güllələyib, Rusiya FTX-nin məlumat mərkəzi bildirib.

Məlumata görə, hadisə aprelin 21-i Bakı vaxtilə saat 12:02-də baş verib. Naməlum şəxs içəri girərək, "müəyyən edilmiş texniki nəzarəti zonasını keçmədən qəbul otağındakı insanlara atəş açmağa başlayıb".

"Bir FTX əməkdaşı və qəbula gəlmiş bir ziyarətçi həlak olub. Həlak olmuş ziyarətçinin yanındakı, MDB ölkələrindən birinin vətəndaşı olan ikinci şəxs isə yaralanıb. Hücum edən şəxs öldürülüb", mətbuat xidməti bildirib.

Atəş açanın şəxsiyyəti müəyyən edilib. O, 1999-cu il təvəllüdlü Xabarovsk diyarının sakinidir.

"Onun neonasist qruplaşmasına məxsus olduğu barədə məlumatlar mövcuddur", - FTX-nın mətbuat xidməti bildirir.

Fotonun müəllifi ALEKSANDR YARIŞEV, VK #ТИПИЧНЫЙ ХАБАРОВСК

"Mən yolun qarşı tərəfindəki binada idim", - hadisənin şahidi Nikita Pikalev BBC Rusca Xidmətinə bildirib.

"Partlayış olsa idi biz yəqin ki, eşidərdik. Bina üzərində nəzərə çarpacaq zədələr yoxdu".

Hadisə yerində əməliyyat-istintaq tədbirləri aparılır.