Türkiyədə ermənilər: "sayca az, mahiyyətcə önəmli"

Arat Saadetyan deyir ki, ailəsi gəlinləri Ece Güneşi ondan daha çox sevir. Fotonun müəllifi Ece Güneş
Image caption Arat Saadetyan deyir ki, ailəsi gəlinləri Ece Güneşi ondan daha çox sevir

2010-cu ilin dekabrında Türkiyədə erməni kökənli Soney Eğmenin ailə qurmaq istəyi qanlı hadisə ilə nəticələnmişdi. Soneyin ailəsi qızları ilə evlənmək istəyən Zekeriyyənin yalnız xristianlığı qəbul edərsə, bu izdivaca razı olacaqlarını bildirmişdilər.

Bu tələbi qəbul etməyən cütlük nigah idarəsində evlənsə də, 10 gün sonra Soneyin qardaşı tərəfindən qətlə yetirilmişdi.

Bu qanlı hadisədən 4 il sonra iki gənc - Arat və Ece Güneş evlənmək qərarı verirlər. İndi cütlük Saadetyan soyadını daşıyır.

Ece Güneş jurnalist, Arat isə televiziya prodüseridir.

Onlarla 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırımın həyata keçirildiyini iddia edən ermənilərin bu qətliamı anım günü - 24 aprel ərəfəsində söhbətləşdik.

Türkiyədə ermənilərin sayı

Türkiyə qanunvericiliyinə əsasən, rəsmi orqanlar tərəfindən verilən kimliklərdə yalnız dini mənsubiyyətlə bağlı məlumat əks olunduğu üçün erməni əsilli vətəndaşların dəqiq sayı məlum deyil.

Rəsmi olmayan rəqəmlərə əsasən, təkcə İstanbulda ermənilərin sayı 40-45 min civarındadır.

Sayat Tekirin sözlərinə görə, bu rəqəm kimlik sənədlərində "xristian" yazılmış, kilsəylə əlaqəsi olan və erməni kimliyini gizlətməyənləri əhatə edir.

Cənab Tekir Türkiyənin erməni siyasi təşkilatı "Nor zartonk"un və erməni mədəniyyət və həmrəylik təşkilatının təmsilçisidir. O eyni zamanda Türkiyə ermənilərinə aid araşdırmaların müəllifidir.

"Amma bilirik ki, 1915-ci il hadisələrindən sonra müsəlmanlaşmış, aleviləşmiş, kürdləşmiş ermənilər var. Onların da sayı dəqiq deyil - 500 min kimi rəqəm çıxır ortaya", deyir cənab Tekir.

Ötən il Türkiyə lideri Recep Tayyip Erdoğan ölkədə 100 minə yaxın erməni olduğunu və onlardan yalnız yarısının Türkiyə vətəndaşı olduğunu bildirib.

Fotonun müəllifi OZAN KOSE/ Getty
Image caption 2007-ci ildə erməni jurnalist Hrant Dinkin qətli Türkiyədə etiraz nümayişlərilə qarşılanıb

Sayları 50 minə belə çatmasa da, ermənilər son iki dönəm Türkiyə parlamentində üç deputatla təmsil olunmağı bacarıblar.

Markar Eseyan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Selin Doğan əsas müxalifət partiyası olan Respublika Xalq Partiyası (CHP), Garo Paylan isə kürdpərəst HDP-ni Tükiyə Böyük Millət Məclisində təmsil edirlər.

"Düzdür, ermənilərin sayını (Türkiyədə) düşündüyümüzdə parlamentdə 3 təmsilçilik bir az çoxdur. Bu da "qiymətdə ağır" olmaqdan irəli gəlir. Çünki ermənilər say etibarı ilə az olsalar da, mahiyyət olaraq çox önəm daşıyırlar", Sayat Tekir BBC Azərbaycancaya deyib.

Saadetyanın türk ailəsi

"Ailəm seçimimi çox müsbət qarşılayıb. Çünki onlar üçün həyat yoldaşımın hansı etnik kökənə bağlı olmasından çox, necə bir insan olması önəmliydi", deyir Ece Güneş Saadetyan.

Arat Saadetyan deyir ki, ailəsi gəlinləri Ece Güneşi ondan daha çox sevir.

"Biz bu mövzunu (erməni-türk evliliyi) danışmadıq belə desəm yeri var. Ailəm etnik mənsubiyyətdən daha çox Eceni tanımaq istədi. Tanıdıqlarında da Eceni çox sevdilər. Məncə, buna görə ailəmə bir az əsəbi ola bilərəm - Eceni məndən daha çox sevirlər", Arat xoşbəxt evliliyindən bəhs edir.

Ece Güneş Saadetyan inanır ki, "insanlar arasında təmas düşmənçiliyi azaldacaq".

"Gözə-göz kor edər, dişə diş-dişsiz. Şiddətlə problemlər həll olunmaz. Biz hər hansı bir siyasətin, hirsin vasitəsi olmaq istəmərik", Güneş Saadetyan deyir.

"Bağışlayın ki, mənə ermənidir dedilər"

Fotonun müəllifi Sayat Tekir
Image caption Sayat Tekir Türkiyənin erməni siyasi təşkilatı "Nor zartonk"un və erməni mədəniyyət və həmrəylik təşkilatının təmsilçisidir

Erməni mədəniyyəti və həmrəyliyi dərnəyindən Sayat Tekir deyir ki, 2007-ci ildə erməni jurnalist Hrant Dinkin qətli Türkiyə cəmiyyətində insanların ermənilər haqqında "bir az daha çox danışmasına yol açıb".

"Hrant Dinkin qətlinə qədər ermənilər ciddi şəkildə qorxu altında yaşayırdılar. İsimlərini söyləyə bilmirdilər. Qadınlar evdə olduqları üçün bəlkə bu, problem deyil, amma xüsusilə kişilər çalışdıqları üçün iki ad istifadə edirdilər - biri türkcə, biri ermənicə. Çünki işdə baykot edilə bilərdilər", cənab Tekir deyir.

Lakin Sayat Tekirə görə, prezident Recep Tayyip Erdoğanın "affedersiniz, mənə ermənidir dedilər" ifadəsindən sonra ermənilərə aid nifrət çağırışları yenidən artmağa başlayıb.

"Bu gün erməni məktəblərinə, kilsələrinə bomba hücumları edilir, divarlarına irqçi, nifrət çağırışları yazılır" deyir erməni fəal Sayat Tekir.

Türkiyə hökuməti soyqırım iddialarını rədd etsə də, erməni icmasının ölkədə önəmli toplum olduğunu bildirir.

"Ölkəmizdəki erməni əhalinin hüzuru, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi önəmə sahibdir", Türkiyə prezidenti Recep Tayyip Erdoğan bazar ertəsi İstanbulda keçirilən erməni dini mərasiminə göndərdiyi mesajda bildirib.

O, ermənilərin özlərini Türkiyədə "ikinci sinif" hiss etməsinə yol verilməyəcəyini deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş