Pakistan cüdoçularına Bakıya getməyə "icazə verilməyib"

Pakistan cüdo Fotonun müəllifi TOSHIFUMI KITAMURA/AFP/Getty Images
Image caption Şah Hüseyin Şah Pakistanın ən uğurlu cüdoçlarından biridir

Pakistan Olimpiya Assosiasiyası (POA) Pakistan Cüdo Federasiyası (PCF) ilə yaranmış ixtilafa görə ölkənin cüdoçularının Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirakına icazə verməyib, APP xəbər agentliyi bildirib.

POA qərarını, oyunlarda iştirakçıların qeydiyyatı üçün son tarixin 16 fevral olması və federasiyanın iştirakçılar siyahısını gec göndərməsilə əsaslandırıb.

Lakin Associated Press of Pakistan (APP) məsələ ilə tanış olan anonim mənbəyə əsasən PCF-nin siyahını ilk dəfə 10 yanvarda göndərdiyini yazıb.

Mənbə həmçinin bildirib ki, məktuba cavab almadıqlarına görə PCF siyahını martın 29-u yenidən göndərib.

Pakistanın The News International qəzeti 12 yanvarda dərc etdiyi məqaləsində federasiyanın 4 kişi və 4 qadın cüdoçunun iştirakını təklif etdiyini bildirib.

Lakin POA PCF-ə cavabını yalnız aprelin 17-i yazaraq məsələnin təşkilatın baş hüquqşünası tərəfindən müzakirə edildiyini, amma qeydiyyat üçün son tarixin keçməsi səbəbilə Pakistan cüdoçularının oyunlarda iştirak edə bilməyəcəyini bildirib.

APP həmçinin bildirib ki, POA cüdoçulardan fərdi şəkildə onlara müraciət etmələrini xahiş edib. Lakin cüdoçuların bu təklifdən imtina etdiyi deyilir.

The News International iki idman qurumu arasında yaranan mübahisənin kökündə "bəzi hüquqi məsələlərə" dair fərqli rəylərin durduğunu deyir.

Qəzet bildirib ki, POA, federasiyanın 2015-ci il rəhbərlik seçkilərində onun qaydalarına tabe olmadığını hesab edib və buna görə də mübahisə yaranıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş