Rusiya kəşfiyyat gəmisi Türkiyə sularında toqquşmadan sonra batıb

Liman Fotonun müəllifi Reuters
Image caption Liman gəmisinin şəkli Bosfordan oktyabr ayında keçərkən çəkilib

Rusiyanın kəşfiyyat gəmisi Türkiyə sahilinə yaxınlıqda yük gəmisi ilə toqquşmada aldığı zərər nəticəsində batıb. Gəminin heyəti xilas edilib, Türkiyənin sahil mühafizə xidməti bildirib.

Rusiya, Qara Dəniz donanmasına aid olan Liman gəmisinin gövdəsinin toqquşmada zərər aldığını təsdiqləyib.

Toqquşmanın səbəbi hələ ki, aydın deyil.

Rusiya gəmisi Toqo bayrağı altında üzən yük gəmisi ilə toqquşub.

Türkiyənin Baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevə zəng edərək toqquşmaya görə kədərləndiyini bildirib, Reuters agentliyi Baş Nazirliyə istinadən yazıb.

Rusiyanını Qara Dəniz donanmasının gəmiləri Aralıq dənizində əməliyyatlar keçirmək üçün Türkiyənin Bosfor boğazından keçməli olurlar.

Rusiyanın Suriya münaqişəsində iştirak edən gəmiləri Suriya sahilinə Bosfordan keçərək gəlir.