Erdoğan Suriya gündəmilə Rusiyaya üz tutur

Erdoğan ve Putin Fotonun müəllifi AFP

Türkiyə prezidenti Rusiyaya səfəri ərəfəsində Suriya mövzusunda aparacağı danışıqlarla bağlı mətbuat konfransı keçirib.

"Böhranın həlli üçün Rusya ilə əməkdaşlığı davam etdirəcəyik", - Recep Tayyip Erdoğan deyib.

Türkiyə prezidentinin bildirdiyinə görə, danışıqlar Suriya məsələsilə yekunlaşmır və o rusiyalı tərəfdaşları ilə ticarət, turizm və energetika mövzularına toxunacaq.

Vladimir Putinlə Recep Tayyip Erdoğanın görüşü Türkiyənin Suriyadakı kürd qüvvələrinə hücumu ilə bağlı ki ölkə arasında əlaqələrin sərinləşməsinə təsadüf edir.

Ötən həftə Suriyadakı kürdlərin YPG/YPJ qüvvələrinə Türkiyənin hava zərbəsi ABŞ-la Rusiyanın sərt reaksiyasına tuş gəlib.

Rusyanın Xarici İşlər Nazirliyi "qeyri-məqbul" adlandırdığı hücumların "beynəlxalq hüquq normalarına zidd" olduğunu bəyan edib.

ABŞ isə bildirib ki, koalisiya qüvvələri hücumları dəstəkləmir.

Türkiyə prezidentinin Moskvaya səfəri Qazaxıstan paytaxtında Suriya tənzimləməsilə bağlı görüşə təsadüf edir.

Astanada keçirilən toplantı Suriya hökuməti və müxalifət liderlərilə yanaşı BMT, Rusiya, İran və Türkiyə nümayəndələrini bir araya gətirməli idi.

Lakin müxalifət liderləri "bombardmanlar dayanmazsa, görüşdən imtina edəcəklərini" deyirlər.

Fotonun müəllifi EPA
Image caption Donald Trump (solda) və Vladimir Putin

ABŞ prezidenti Donald Trump iddia edilən qaz hücumunun ardınca Suriyadakı hökumət hədəflərinə raket zərbəsinin endirilməsindən bəri ilk dəfə olaraq Rusiya prezidentilə telefon əlaqəsi qurub.

ABŞ-ın raket zərbəsi Kremlin sərt reaksiyasına səbəb olmuşdu.

Ağ Ev bildirir ki, telefon danışıqları vaxtı Suriyada davamlı təhlükəsizlik şəraitinin yaradılmasının yolları barədə qarşılıqlı anlaşma mövcud olub.

Kreml öz növbəsində atəşkəsin təmin olunmasına dair anlaşmanın əldə olunduğunu elan edir.

Ötən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsində ABŞ-la əməkdaşlıq etməyə "tamamilə hazır" olduğunu bildirmişdi.

Son zamanlar Suriyadakı Rusiya və ABŞ qüvvələrinin birgə əməliyyatları barədə xəbərlər yayılmaqdadır.

Bu barədə daha geniş