Ermənistan: Azərbaycan almasının idxalı ilə bağlı cinayət işi başlanıb

Ermənistan bazarlarında Azərbaycan almasının satıldığı haqqında informasiya ilk dəfə sosial şəbəkələrdə yayılıb Fotonun müəllifi snund.am
Image caption Ermənistan bazarlarında Azərbaycan almasının satıldığı haqqında məlumat ilk dəfə sosial şəbəkələrdə yayılıb

Ermənistanda qeyri-qanuni yolla Azərbaycan almasının idxal edilməsi faktı üzrə Dövlət Gəlirlər Komitəsinin əməkdaşlarına qarşı cinayət işi qaldırıldığı bildirilir.

Qaçaqmalçılıqda ittiham olunan şəxslərin sayı və kimliyi barədə məlumat verilmir.

Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxsin qeyri-qanuni sahibkarlıqla məşğul olduğu, Gürcüstan-Ermənistan sərhədindəki "Baqrataşen" gömrükxanası işçilərinə rüşvət verərək, müntəzəm şəkildə Ermənistan ərazisinə "kommersiya miqdarında" kənd təsərrüfatı məhsulları idxal edilməsi faktları aşkar edildiyini bildirmişdi.

Ermənistanda gömrükxanalar Dövlət Gəlirlər Xidmətinin tərkibində fəaliyyət göstərir.

Ermənistan bazarlarında Azərbaycan almasının satıldığı haqqında informasiya ilk dəfə sosial şəbəkələrdə aprel ayının təxminən üçüncü həftəsindən yayılıb.

Rəsmi orqanların reaksiyasına görə, məhsulun sərhəddən gömrük xidmətinin xəbəri olmadan və qida təhlükəsizliyi yoxlamasından keçmədən daxil olduğu məlum olub.

Dövlət Gəlirlər Komitəsi əməkdaşlarının vəzifə borclarından sui-istifadə etməsi faktı üzrə, Ermənistan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 188-ci (qeyri-qanuni sahibkarlıq) maddələrinə əsasən, cinayət işi başlanıb.

"Bu kimi halların təkrar olunmasının qarşısını almaq məqsədilə", Dövlət Gəlirlər Komitəsi rəhbərinin sərəncamı ilə Ermənistanın bütün sərhəd nəzarət-buraxılış məntəqələrində "ciddi nəzarət tətbiq edilir".

Bundan başqa Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidməti "ötən həftə ölkə ərazisində, həmçinin, digər dövlət strukturları ilə birlikdə keçirdiyi yoxlama nəticələrinə əsasən, paytaxt Yerevan və ölkənin bir sıra bölgələrində 500 kiloqramdan artıq Azərbaycan almasının satışını dayandırıb və onun ləğv edilməsini tələb edib".

"Qida məhsullarının təhlükəsizliyi haqqında qanun"a əsasən, məhsulun müəyyən edilən partiyası, təhlükəsizlik zəmanəti verən sənədlə müşayiət olunmadığına görə, "təhlükəli bilinib", Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

Eyni zamanda, dövlət xidməti Azərbaycan almasının "ekspertiza üçün göndərilən nümunələrində" zərərli kimyəvi elementlərin yol verilə bilən normadan kənara çıxmadığını qeyd edir.

Lakin İstehlakçıların Konsultasiya Mərkəzinin rəhbəri, Ermənistan Kənd Təsərrüfatı Alyansının üzvü Karen Çilinqaryan çərşənbə axşamı Yerevanda mətbuat konfransında bəyan edib ki, Ermənistanın istər Azərbaycan, istər Türkiyə mallarının idxalına qadağa qoymağa ixtiyarı yoxdur.

"Ermənistan Dünya Ticarət Təşkilatının üzvü olaraq, hər hansı hətta dost olmayan ölkədən ixracatın qadağan edilməsi bəyanatı ilə çıxış edə bilməz. Biz yalnız pozuntular, yaxud sanitar normaların uyğun olmadığı hallarda qadağa qoya bilərik. Əks təqdirdə, Ermənistan çox müşkül vəziyyətə düşər", - Çilinqaryan deyib.

Çilinqaryanın hesablamasına görə, "qeyri-qanuni yolla 10 tona qədər" Azərbaycan almasının gətirilməsi, Ermənistan ərazisinə qeyri-qanuni yolla yeganə idxalat halı deyil.

Ekspert "məhsulun ləğv edilməsi" qərarının da "yolverilməz" olduğunu deyir, çünki, onun sözlərinə görə, "əgər məhsul sanitar normalarına cavab verirsə, onu emal etməyə göndərmək olar".

Bu barədə daha geniş