Tacikistan geyləri: "cinə tutulanların" hekayəsi

В Душанбе Fotonun müəllifi Getty Images
Image caption Tacikistan cəmiyyətində geylərə qarşı kəskin münasibət son onillikdə dəyişməyib

Tacikistanda homoseksual olduğunu etiraf edənlər, cəmiyyətdə qınaqla qarşılana bilir. Eyni zamanda bu, radikal düşüncəli şəxslər tərəfindən təqibə də yol açır.

Vəziyyətlərinin mürəkkəbliyini nəzərə alaraq geylər, seksual oriyentasiyaları ilə bağlı həqiqəti hətta, ən yaxınlarından belə gizli saxlayırlar.

Yerli mətbuatda bir qayda olaraq seksual azlıqlar barəsində qınaq dolu məqalələr dərc olunur.

Şəxsi söhbət əsnasında geylər, onlara qarşı göstərilən qəddar münasibəti dilə gətirirlər. Ancaq onlar, nadir hallarda hüquq-mühafizə orqanlarına müraciət edirlər. Ehtiyat etdikləri məqam isə ictimai müzakirə və təqibdir.

Tacikistanda homoseksuallarla bağlı Sovet dövründən qalma maddə, 1998-ci ildə ləğv edilib. Lakin, geylər, lesbiyanlar və transeksualların hüquq müdafiəçiləri bildirirlər ki, cəmiyyətdə onlara qarşı münasibət bir o qədər də dəyişilməyib.

Bir çox gey və lesbiyanlar, ailələrinin təkidi ilə ənənəvi yolla ailə qursalar da, ikili həyatlarını davam etdirməyə çalışırlar. Bu da onların əksəriyyəti üçün psixoloji problem və travmalara səbəb olur.



LGBT cəmiyyətinin nümayəndələri adətən problemlər haqqında danışmaqdan yayınırlar. Onlar sanki özlərinə qarşı münasibəti dəyişməkdən ötrü savaşdıqları yolda üzləşdikləri məsələlərə toxunmaqdan çəkinirlər.

Cəmiyyət nə seksual azlıqlara qarşı tolerant münasibət göstərmək, nə də bu mövzu üzrə ciddi müzakirə aparmağa hazırdır, Qafur deyir (təhlükəsizlik səbəbi ilə ad dəyişdirilib).

O, gey olduğunu dilə gətirməkdən çəkinməyən tək-tük insanlardandır.

Səmimilik onun üçün çətin bir sınağa çevrilib. 35 yaşlı Qafur sevgilisi kimi ölkədən qaçmaq məcburiyyətində qalıb.

Seksual azlıqlara qarşı münasibətə, din də təsir edir. Tacikistanda İslama qarşı maraq son dərəcə artıb və tacik müsəlmanlarını əksəriyyəti ruhanilərin fikirlərinə iman gətirirlər.

Tacikistan İslam mərkəzinin rəhbəri Səidməhərrəm Abdulqədirzadə, insanlar arasındakı homoseksual münasibəti açıqca tənqid edərək, onları "fəlakət" və "müsibət" adlandırıb və Tacikistanda homoseksualların olması ilə bağlı təəssüf hissi keçirdiyini deyib.

Ölkənin baş ilahiyyatçısı homoseksual evlilikləri tanıyan qərb dövlətlərini qınayıb və Tacikistanda seksual azlığın hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünasların irəli sürdüyü təkliflərə qarşı kəskin münasibət bildirib.

Fotonun müəllifi Nozim Kalandarov
Image caption Son illərdə din, taciklərin həyatında böyük rol oynamağa başlayıb

Qafurun hekayəsi: "Ailəm inanırdı ki, məni cin tutub"

Mən həmyaşıdlarımla fərqimi erkən yaşlarımdan hiss etmişdim, lakin, yaşıma və qavrayışıma baxmayaraq, bir şeydən əmin idim: ən yaxşısı, bu barədə danışmamaqdır. Ailəmdə ciddi qaydalar hökm sürürdü və onlardan kənara çıxmaq heç də xoş qarşılanmırdı.

Fəqət, bir gün mən qərarımı verdim. Sirrimi anam ilə bölüşdüm və ona qonşumuzun oğlunu bəyəndiyimi dedim.

Yadımdadır ki, elə həmin gecə atam və əmimlə kişi söhbəti etdik. O andan etibarən, mənim həyatım cəhənnəmə çevrildi.

Hamı məni xəstə kimi qəbul edirdi. Ailəmdə ciddi şəkildə düşünürdülər ki, məni cin tutub. Bəlkə də doğmalarım üçün vəziyyətimi izah etməyin ən asan yolu bu idi. Ailəm çox tanınmış dindar ailədir.

Az keçmədən mən də xəstə olduğuma inanmışdım və edilən şeylərin sağalmam üçün yol olduğunu düşünürdüm. Qonaq qarşısına çıxmağa icazə vermirdilər, başqa uşaqlarla oynamaq qadağan idi, ayrı qablarım var idi və hamıdan sonra təkbaşına yemək yeyirdim.

Vaxtaşırı cin qovmaq ayinində iştirak edirdim. Boynumdan cürbəcür göz muncuqları və dualar asır, müxtəlif bitkilərdən hazırlanmış dərmanlar içirir, seyidlərə göstərir, falçılar və müqəddəslərin məzarlarına aparırdılar. Beləcə uzun illər keçdi.

Məktəb də əzablı bir yerə çevrilmişdi mənim üçün. Bilərəkdən tez-tez dərslərə gecikirdim. Çünki, məktəb önündəki sıralar ələ salmaq, təcavüz etmək və döymək üçün əlverişli yer idi. Müəllimlər baş verənləri ciddiyə almırdılar. Onların nöqteyi-nəzərində bu, tərbiyə məsələsi idi.

Tənəffüslər zamanı sinifdən çıxmamağa çalışırdım, ən arxa partalarda əyləşirdim, özümə diqqət cəlb etməmək üçün sual vermirdim. Amma, diqqətdən kənarda qalmaq asan şey deyildi.

Bəzən sinif yoldaşlarım məni zorla zirzəmiyə salırdılar ki, ələ salsınlar. Məktəbdə baş verənləri valideynlərimə danışmaq da faydasız idi. Hər şeyin günahkarı mən idim - hamı kimi deyildim.

Vaxt keçdikcə həyətə çıxmamağa başladım və oynamaq əvəzinə kitablar və elmi verilişlərə üstünlük verdim - arxeologiya, tarix, biologiya.

Yavaş-yavaş özümə qarşı nifrət yaranırdı məndə. Tez-tez ölüm haqqında fikirləşirdim.

Məktəbə getmək, sonra evə qayıtmaq çəkilməz idi. Çünki, qardaşlarım da məni döyürdülər. Evə döyülmüş halda gələndə qardaşlarım deyirdilər: "Günah özündədir, kişi olmaq lazımdır, qız yox".

Sonra isə mən, dini dərindən öyrənməyə başladım və dində təsəlli tapdım. Suallarıma cavab tapmasam da, anladım ki, din, tolerantlığı inkişaf etdirir.

Universitetdə təhsilim əsnasında mən, müxtəlif ictimai təşkilatlarla işləməyə başladım, xarici ölkələrə getdim və müxtəlif tədbirlərdə iştirak etdim. Tələbə yoldaşlarım, məktəbdəkindən daha az hücum edirdilər.

Onlar məni dindar bilirdilər və bu, mənə çox kömək olurdu. Doğmalarım da artıq daha sakitləşmişdilər. Qızlarla əlaqə yaratmağa başladığımdan, sağaldığıma inanırdılar.

Amma, nə iş gərgin qrafiki, nə də təhsil arzularımı və artan istəklərimi səngidirdi. Özümü və hisslərimi cilovlamaqda çətinlik çəkdiyimi anlamağa başlamışdım.

Tanışlıq səhifələrində gənc oğlanlarda tanış olduqca, yaşadıqlarımı dərk edirdim. Yer üzündə bu cür hiss edən tək mən deyilmişəm, sən demə.

Virtual dünya, azadlığın məkanı idi. Burada istəklərini dilə gətirib və özünəinam qazanmaq mümkün idi.

Hamı kimi davrana bilməyəcəyim barəsində artıq əmin idim. Bu, ikili həyat yaşamaq demək idi, yəni mən, gərək ailə quraydım. Yaxın insanını aldatmaq alçaqlıqdır. Uşaqlarına yalan danışmaq isə bundan da betərdir.

Müxtəlif bəhanələr uyduraraq yaxınlarımın məni evləndirmək cəhdlərinin qarşısını alırdım.

Sevgilim İlham ilə mən, gənclik layihələrindən birində tanış olmuşdum. O, ən yaxşı tələbələrdən biri idi və tez-tez seminarlara göndərilirdi.

Bu bizə kömək olurdu. Belə ki, ailəsində şübhə yaratmadan onun ölkədən çıxmaq üçün həmişə bəhanəsi var idi. O, yanıma gəlirdi və ən xoşbəxt anlarımı yaşayırdım. Amma, həmişə belə davam edə bilməzdi.

Biz Düşənbəyə qayıtdıq və İlham ilə əlaqəmizi kəsmirdik. Birgə layihələrimiz çox olurdu.

Mən, insan haqları müdafiəsi və homofobiyaya qarşı mübarizə layihələrində könüllü kimi iştirak edirdim. Layihə çərçivəsində öz hekayəmi dilə gətirib, müsahibə verdim. Burada ailəmlə yaşadıqlarım, başıma gələnlər və Tacikistanda homoseksual olmağın çətinliklərindən söz açmışdım.

Qohumlarım da bundan xəbər tutdular. Onların reaksiyası əvvəlcədən bəlli olsa da, mən, bu münasibətə hazır idim.

Qardaşlarım məni döydülər. Onlar hələ də mənim "ailənin adına ləkə" olduğumu deyirlər. Onlar dostları, həmkarları və qohumlar qarşısında başı aşağıdırlar. Mənim statusum bacılarımın həyatına da ciddi təsir göstərir: kim "cinli" üzvü olan ailə ilə qohum olmaq istəyər ki?

Bir dəfə qohumlarımla söhbət zamanı məni qəddarcasına döyüb bıçaqladılar. Zərbələrdən huşumu itirmişdim. Onlar, nəslimizin adını təmiz çıxarmağa çalışırdılar.

Anladım ki, evimə, doğmalarıma gedən yol bağlıdır. Biz sevgilimlə Düşənbədə ev kirayələyib işləyərək, pul qazanmağa başladıq.

Mənim LGBT cəmiyyətinin müdafiəsi ilə bağlı işim, hüquq-müdafiə orqanlarının da diqqətindən yayınmadı. İctimai fəallığıma görə işimdə problemlər yaşamağa başladım. Polis yoxlanışları, təhdidlər, təhqirlər, hədə-qorxu, döyülmə.

QHT-də işləyərkən tez-tez, polis tərəfindən şantaja məruz qalan homoseksuallar haqqında eşidirdim. Asan pul qazanmaq üsullarından biri idi bu.

Tezliklə mənim də başıma gəldi. Həmkarlarımın bəziləri geylərə qarşı nifrətlərini gizlətmirdilər.

Onlar, qalın parça bükülmüş dəyənəklə məni döydülər. Qışqıraraq məni rahat buraxmalarını istəyirdim. Amma, onlar başıma polietilen cığara keçirdilər.

Havasızlıqdan huşumu itirdim, burnumdan və ağzımdan qan gəlirdi. Onlar isə təhqir və təhdidlərini dayandırmırdılar.

Onlara mənim etirafım lazım idi. Həddi-buluğa çatmayan oğlanlarla münasibətimi boynuma almalı idim.

Məni, lazımı sənədlərə qol çəkməyə razılaşıncaya qədər döydülər. O vəziyyətdə hər şey etməyə hazır idim.

Sonra məni iməklədib hürməyə məcbur etdilər. Bütün olanları da lentə alırdılar. Gülür və məndən 500 dollar tələb edirdilər. Pulu verdikdən sonra isə şikayət etməməyim üçün məni videonu internetdə yaymaq ilə hədələdilər.

Başıma gələnlərdən sonra, vətənimdə yaşamaq qeyri-mümkün idi. Zorbalıq, hədə-qorxu, təhdid və döyülmə davam edəcəkdi.

Onlar haqqında şikayət də edə bilmirdim, çünki, məni qorumaq öhdəliyi daşıyanlar, mənim haqqımı tapdalayırdılar.

Beləliklə, biz sevgilimlə ölkədən köçdük. Doğulub böyüdüyün yeri tərk etmək çox çətindir. Təzə bir yerdə həyat qurmaq asan deyil: burada həyat qaydaları fərqlidir və dil başqadır.

Biz artıq iki ildir ki, Avropada yaşayırıq. Mən yalnız burada hörmət və qorxusuz yaşamağı öyrəndim.

Həyatım boyu məni müalicə ediblər, xəstə sanıblar və özüm də belə düşünürdüm. Yaşamaq istəmədiyim anlar olurdu. Çox şanslıyam ki, bu addımı atmamışam.

Ən vacibi ümidini itirməmək və haqqın uğrunda mübarizə aparmaqdır. Bundan pisi ola bilməz.


"Bu haqda danışmaqdan utanıram"

Tacikistanın rəsmi ilahiyyat idarəsinin mövqeyi dəyişməz olaraq qalır. Üç il əvvəl Tacikistan İslam mərkəzinin rəhbəri Səidməhərrəm Abdulqədirzadə, insanlar arasındakı homoseksual münasibəti açıqca tənqid edərək onları "fəlakət" və "müsibət" adlandırmışdı.

Bu haqda o, Mərkəzi məsciddə baş tutan cümə namazında danışmışdı.

Tacikistanda homoseksuallığa meylli gənclərin olması ilə bağlı təəssüf hissi keçirdiyini demişdi.

"Məsciddə bu haqda danışmaqdan utanıram. Təəssüf ki, təhsilli və mədəni insanlar, homoseksual oriyentasiya haqqında danışırlar. Onlar arvadlarından, qadınlardan imtina edir və günaha batırlar," müfti Səidməhərrəm Abdulqədirzadə deyib.

O, həmçinin müsəlmanları bu günahkar əməldən yayınmağa səsləyərək əlavə edib ki, "bu günaha batan nəsillər, ciddi cəzalandırılıblar".

Ölkənin baş ilahiyyatçısı homoseksual evlilikləri tanıyan qərb dövlətlərini qınayıb və Tacikistanda seksual azlığın hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünasların irəli sürdüyü təkliflərə qarşı kəskin münasibət bildirib.

Səidməhərrəm Abdulqədirzadənin, Düşənbənin Mərkəzi məscidində baş tutan cümə namazında problem haqqında fikrini bildirməsi faktı isə ayrıca bir məsələdir.

Belə ki, müsəlmanlar üçün cümə namazı çox önəmlidir. Minlərlə insan burada iştirak edir. Tacikistanda din, rəsmi olaraq dövlətdən ayrıdır. Tacikistanda İslama qarşı maraq, son illərdə kəskin artıb.

Tacikistan Daxili İşlər Nazirliyindən BBC-ə bildirilib ki, seksual azlıqların nümayəndələri tərəfindən onlara heç bir müraciət edilməyib və tacik polis işçiləri bu barədə heç bir cinayəti xatırlamırlar.

Lakin, ayri-seçkilik faktlarını müəyyənləşdirən Tacikistanın "Bərabər imkanlar" adlı qeyri-hökumət təşkilatı, geylərə qarşı onlarla bənzəri münasibət hallarının yaşandığını bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş