Eurovision-un ilk yarımfinalı: Azərbaycan, Ermənistan və Gürcüstan çıxış edir

Azərbaycanı Eurovision 2017 mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə Dihaj adlı ifaçı təmsil edir Fotonun müəllifi SERGEI SUPINSKY/ Getty
Image caption Azərbaycanı Eurovision 2017 mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə Dihaj adlı ifaçı təmsil edir

Çərşənbə axşamı Ukraynada keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin ilk yarımfinalında həm Azərbaycan, həm də Ermənistan iştirakçıları çıxış edəcək.

Azərbaycanı Eurovision 2017 mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə Dihaj adlı ifaçı təmsil edəcək.

42 ölkə iştirakçısının yarışacağı müsabiqə Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq. Rumıniya və Portuqaliya bir illik fasilədən sonra yarışa qatılacaq.

Ötən il Stokholmda baş tutan müsabiqədə Ukrayna iştirakçısı Cəmalənin qalib gəlməsindən sonra ölkə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi etmək hüququ əldə edib.

Daha əvvəl 2005-ci ildə Eurovision Mahnı Müsabiqəsi bu ölkədə keçirilmişdi.

Bu ilki yarışmada Rusiya iştirak etməyəcək.

Ukrayna Rusiyanın Eurovision Mahnı Müsabiqəsində təmsilçisi Yuliya Samoilovaya Rusiyanın ilhaq etdiyi Krıma getdiyi üçün viza verməkdən imtina edib.

Rusiyanın 1-ci kanalı yarışı yayımlamayacağını açıqlayıb.

Müsabiqənin 2-ci yarımfinalı mayın 11-də, finalı isə 13-də baş tutacaq.

Eurovision Mahnı Müsabiqəsi 1956-cı ildən başlayaraq hər il keçirilir.

Bu ilki müsabiqə Avstriya, Danimarka və Böyük Britaniya üçün xüsusi sayılır, çünki onların ilk iştirakının 60-cı il dönümüdür.

Azərbaycan isə bu yarışmaya 2008-ci ildən qatılıb və artıq bir dəfə qalib olub.

Əsl adı Diana Hacıyeva olan azərbaycanlı caz musiqiçisi Dihaj, 2010-cu ildə Bakı Musiqi Akademiyasını bitirib və Londonda Müasir Musiqi İfaçılığı İnstitutunda təhsilini davam etdirib.

Onun Dihaj, Bakıdan elektron musiqi kollektivi adlı qrupu var.

Ermənistan təmsilçisi

Fotonun müəllifi SERGEI SUPINSKY/ Getty
Image caption Artsvik Ermənistanı "Fly With Me" mahnısı ilə təmsil edəcək

Artsvik çıxışına müsabiqənin birinci yarımfinalında "Fly With Me" mahnısı ilə 16-cı başlayacaq.

Artsvik (Harutyunyan) 1984-cü ildə Ermənistanda doğulub, 5 yaşından ailəsi ilə Moskvada yaşayır.

Riyaziyyat təmayüllü məktəbi bitirdikdən sonra təhsilini Moskva Dövlət Pedaqoji İnstitutunda loqoped-psixoloq ixtisası üzrə davam edib.

Müğənnilik karyerasına başlamazdan, ali təhsil aldıqdan sonra Artsvik [adı erməni dilindən balaca qartal kimi tərcümə olunur] turizm biznesi sahəsində çalışıb.

28 yaşında ev şəraitində ifa etdiyi mahnıların video görüntülərini internetdə bölüşdükdən sonra "Jazz parking" layihəsinə dəvət olunur.

Daha sonra Artsvik Rusiya televiziyasının "Qolos" mahnı müsabiqələrində iştirak edib. 2016-cı ildə Ermənistan İctimai Televiziyasında Eurovision-2017 iştirakçısını müəyyən etmək üçün keçirilən şouda qalib gəlib.

Gürcüstan təmsilçisi

Fotonun müəllifi SERGEI SUPINSKY/ Getty
Image caption Bu, Tamaranın üçüncü Eurovision cəhdidir

Tamara (səhnə təxəllüsü - Tako) Qaçeçiladze müsabiqəmom 1-ci yarımfinalında iştirak edən 18 ölkə nümayəndələri arasında səhnəyə 2-ci çıxacaq.

Müsabiqə üçün 33 yaşlı Tako Qaçeçiladze "Keep The Faith" mahnısını seçib.

Tako Tbilsidə doğulub. Uşaqlıqdan musiqi ilə məşğul olur, musiqi məktəbini bitirib, müxtəlif musiqi müsabiqələrində fəal iştirak edib, birinci yerlərə layiq görülüb.

9 yaşından "Basti Bubu" uşaq musiqi studiyasının solisti olub.

Müxtəlif illərdə Gürcüstanda, eləcə də başqa ölkələrdə keçirilən "Büllur not", "Tbilisi baharı", "Sachukari", "Slavyanskiy bazar" və başqa iri musiqi festivallarında iştirak edib.

İlk musiqi albomunu 2014-cü ildə yazdırıb. 2007-ci ildə Gürcüstan prezidenti Tako Qaçeçiladzeni "İncəsənətin inkişafında əməyinə görə" medalı ilə təltif edib.

Bu, Tako Qaçeçiladzenin üşüncü Eurovision mahnı müsabiqəsində iştirak etmək cəhdidir.

2008-ci ildə Tako "Me and My Funky Song" mahnısı ilə ilk dəfə Gürcüstan ümummilli seçmə müsabiqəsində 10-cu yeri tutmuşdu.

2009-cu ildə isə o, Moskvada keçirilən Eurovision müsabiqəsində "Stephane & 3G" qrupunun tərkibində "We Don't Wanna Put In" mahnısı ilə çıxış etməli idi, lakin mahnının məzmununda "gizli siyasi məna" olduğuna görə, qrup müsabiqəyə buraxılmamışdı.

Bu barədə daha geniş