Ukraynada "Ölməz alayın" yürüşü zamanı toqquşmalar baş verib

Kiyev Fotonun müəllifi NPU.GOV.UA
Image caption Tüstü şaşkalarından biri polisə dəyib

Ukraynanın bir sıra şəhərlərində nasizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbirlər və "Ölməz alayın" yürüşü keçirilib.

Kiyevdə təşkil edilmiş marşın iştirakçıları müharibə iştirakçılarının portretlərini əllərində tutaraq "Faşizm keçməyəcək" şüarını səsləndirərək paytaxtın mərkəzi ərazilərindən birində seçilmiş marşrut üzrə addımlayıblar.

Polisin məlumatına görə, aksiyada 3 minə yaxın insan iştirak edib.

Aksiya iştirakçılarının hərəkət etdiyi marşrut polis əməkdaşları və hərbi qulluqçular tərəfindən mühafizə edilib.

Fotonun müəllifi NPU.GOV.UA

Yürüş zamanı xırda toqquşmalar baş verib: ukraynapərəst fəallar aksiya iştirakçılarına bir neçə tüstü şaşkası, qırmızı boya ilə dolu paketlər və kartof tullayıblar.

BBC Ukrayna xidməti müxbirinin sözlərinə görə, "Ölməz alayın" marşı Əbədi alov abidəsi önünə gül əklillərinin qoyulması mərasimi ilə başa çatıb.

"Ölməz alayın" yürüşü başa çatdıqdan sonra ukraynapərəst fəallar nəhəng ölçüdə Ukrayna bayrağını dalğalandıraraq "Bandera və Şuxeviç - Ukrayna qəhramanlarıdırlar" və "Ukrayna hər şeydən üstündür" şüarlarını səsləndiriblər.

Fotonun müəllifi NPU.GOV.UA

Ukraynanın UNİAN agentliyinin məlumatına əsasən, Xarkov və Zaporojye şəhərlərində də "Ölməz alay" və ukraynapərəst fəallar arasında toqquşmalar baş verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş