Shant TV əməkdaşları "Yerevana gətiriləcək"

Şant TV Fotonun müəllifi Shanttv.com

Cümə günü Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttinin şimal istiqamətində yaralandığı bildirilən Ermənistan Şant televiziya kanalı operatorunun Qarabağda cərrahiyə əməliyyatından sonra cümə günü Yerevana gətiriləcəyi gözlənilir, kanal məlumat verir.

TV kanalın yaydığı məlumata görə, onların yaralanması hadisəsi iki gün öncə baş verib. "Təmas xəttində "Mövqelərdə" proqramının növbəti verilişi üçün çəkiliş aparılarkən Azərbaycan tərəfindən atəş nəticəsində proqramın operatoru David Atoyan yaralanıb", məlumatda iddia olunur.

Avtomobildə Şant televiziyasının "Dirkerum" ("Postlarda") hərbi-vətənpərvərlik silsilə proqramının müəllifi Arşak Zakaryan və operator David Atoyan olublar.

Televiziyanın proqram müəllifinin daha öncə Kalaşnikov silahı ilə şəkillər çəkdirməsi onların hadisə zamanı silahlı olub-olmaması barədə suallar doğurub.

Onların hər ikisi "atəş açıldığı zaman" hərbi geyimdə olub, istifadə etdikləri avtomobil zirehlidir, bunu telekanalın hadisə yerindən çəkilib yayıldığı kadrlarda görmək olar.

Arşak Zakaryan daha öncə Facebook səhifəsində və internetdə yayılmış şəkillərində hərbi geyimdədir və əlində "Kalaşnikov" avtomat silahı vardır.

O, şəkillərdən birində hərbçi cəsədləri olduğu güman edilən, yerə sərilmiş insanların fonunda əlində avtomatla foto çəkdirib.

BBC Azərbaycanca Shant TV əməkdaşlarının bir neçə gün öncə yaralanarkən silahlı olub-olmadıqları barədə suala cavab ala bilməyib.

Shant telekanalının məlumatında çəkiliş qrupunun avtomobilinin "qarşı tərəfdən iriçaplı silahdan" atəşə məruz qaldığı deyilir.

Azərbaycan Müdafiə Nazirliyi "Qafqazinfo" saytının sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan silahlı qüvvələri "düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür".

"Shant" televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb", bəyanatda deyilir.