Shant TV əməkdaşları "Yerevana gətirilib"

Arşak Zakaryan Fotonun müəllifi Shanttv.com

Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttinin şimal istiqamətində yaralandığı bildirilən Ermənistan Shant televiziya kanalı operatorunun Qarabağda cərrahiyə əməliyyatından sonra şənbə günü Yerevana gətirilib, kanal məlumat verir.

TV kanalın yaydığı məlumata görə, onların yaralanması hadisəsi iki gün öncə baş verib. "Təmas xəttində "Postlarda" proqramının növbəti verilişi üçün çəkiliş aparılarkən Azərbaycan tərəfindən atəş nəticəsində proqramın operatoru David Atoyan yaralanıb", məlumatda iddia olunur.

Avtomobildə Shant televiziyasının "Dirkerum" hərbi-vətənpərvərlik silsilə proqramının müəllifi Arşak Zakaryan və operator David Atoyan olublar.

Televiziyanın proqram müəllifinin daha öncə Kalaşnikov silahı ilə şəkillər çəkdirməsi onların hadisə zamanı silahlı olub-olmaması barədə suallar doğurub.

Onların hər ikisi "atəş açıldığı zaman" hərbi geyimdə olub, istifadə etdikləri avtomobili də hərbi kamuflyaj edilib, bunu telekanalın hadisə yerindən çəkilib yayıldığı kadrlarda görmək olar.

"Postlarda" proqramını hazırlayarkən hərbi kamuflyaj geyindikləri ilə bağlı Arşak Zakaryan bir neçə gün postlarda qalmaqla izah edir.

Şənbə günü Arşak Zakaryan BBC Azərbaycanca müxbirinə zəng edib və Shant TV çəkiliş qrupu tərəfindən Azərbaycan hərbi birləşmələrinin hərbi mövqeləri istiqamətində atəş açıldığı haqqında məlumatın doğru olmadığını bildirib.

"Bu, yalandır. Bizim maşından onların mövqeləri istiqamətində atəş açılmayıb və bilməz. Bunun məntiqi nədədir? "Dirkerum" proqramını hazırlamaq üçün biz tez-tez postlara baş çəkəsi oluruq. Düşməni qıcıqlandırıb həyatımızı təhlükə altına salmaq nəyimizə lazımdır?".

Proqramı hazırlayarkən televiziya çəkiliş qrupunda odlu silah olub-olmadığına dair BBC müxbirinin sualını cavablandıran Arşak Zakaryan özünün "müdafiə üçün şəxsi silahı" olduğunu istisna etmədi.

"Belə bir bölgədə gərək olsun. Siz bilirsiniz ki, o tərəfdən diversant qrupları dəfələrlə Qarabağ tərəfində təxribatlar törədib, dinc sakinlərin həyatına qəsd ediblər. Mən bu kimi mümkün hücumların asan qurbanı olmaq istəmirəm. Sırf özünümüdafiə üçün", - Zakaryan deyib, lakin silahın növünü dəqiqləşdirməyib.

Bundan əvvəl o, jurnalistləri münaqişə bölgəsində mətbuata aidiyyəti olduğunu göstərən nişanlarla mətbuat nümayəndələri üçün nəzərdə tutulan geyimdə işləməyə çağırır.

"O jurnalistlər postlarda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən hər-hansı bir hadisə ilə bağlı olurlar. Onların xarici görünüşü, yəqin ki, onları müəyyən mənada qoruyar".

Fotonun müəllifi Shanttv.com

"Bizim proqramın işçi qrupu isə günlərlə postlarda qalmalı olur, tez-tez təxribat törədilən bir ərazidə yerdən yerə keçmək lazım gəlir... Bu geyim həm şəraitə görə rahatdır, həm də kamuflyaj edilmiş paltar və avtomobil ətraf mühitə qarışıb bizi snayper gülləsindən qoruyub", - Arşak Zakaryan Shant TV-nin axşam xəbərlər proqramına müsahibəsində deyib.

"Biz həmin kamuflyaja görə sağ qalmışıq. Snayper, görünür, çox uzaqda mövqelənmişdi, və yalnız biz yerimizdə tərpənəndə atəş açılırdı. Bizə sarı üç snayper gülləsi atılıb, üçü də qara rəngli çəkmələrimiz istiqamətində", - Arşak Zakaryan izah edib.

Zakaryan "qarşı tərəfdən" yaralanmış operatora yardım göstərmək üçün gələn təcili yardım maşınının da atəşə tutulduğunu və hadisə yerindən üç saatdan sonra, hava qaralmağa başlayanda çıxarıldıqlarını bildirir.

Shant telekanalının məlumatında çəkiliş qrupunun avtomobilinin "qarşı tərəfdən iriçaplı silahdan" atəşə məruz qaldığı deyilir.

Azərbaycan Müdafiə Nazirliyi "Qafqazinfo" saytının sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan silahlı qüvvələri "düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür".

Shant televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb", - bəyanatda deyilir.

Arşak Zakaryan daha öncə Facebook səhifəsində və internetdə yayılmış şəkillərində hərbi geyimdədir və əlində "Kalaşnikov" avtomat silahı vardır.

O, şəkillərdən birində hərbçi cəsədləri olduğu güman edilən, yerə sərilmiş insanların fonunda əlində avtomatla foto çəkdirib.

Bu barədə daha geniş