Yerevanda bələdiyyə seçkiləri: hakim partiya qalıb gəlib

Yerevan

Yerevanda bazar günü keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, hakim Respublikaçılar Partiyası qalib gəlib və 2011-ci ildən Yerevan bələdiyyə başçısı vəzifəsini tutan partiyanın nümayəndəsi Taron Marqaryan daha 4 il Ermənistan paytaxtına başçılıq edə bilər.

Seçkilərin rəsmi yekun nəticələri bir həftədən sonra məlum olacaq, lakin Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, seçkilərdə iştirak edən paytaxt sakinlərinin 71,25 faizi hakim partiyanın, 21 faizi "Çıxış" blokunun, millət vəkili Zaruhi Postancyanın yeni təsis etdiyi "Ərik diyarı" partiyasının lehinə 7,75 faizi səs verib.

Seçkilərin ilkin nəticələri ciddi dəyişikliyə uğramasa, 65 yerlik Yerevan Ağsaqqallar Şurasında hakim partiya 46, "Çıxış" - 14, "Ərik diyarı" isə 5 nümayəndə ilə təmsil olunacaq.

Bu seçkilər paytaxt sakinlərinin xüsusi maraq göstərməməsi ilə seçilir - seçkilərdə səsvermə hüququna malik yerevanlıların təxminən 41 faizi (345 158) iştirak edib.

Müqayisə üçün, 2013-cü ildə Yerevan bələdiyyə seçkilərində təxminən 440 min vətəndaş (53,5 %) iştirak etmişdi.

Ermənistan MSK sədri Tiqran Mukuçyan bunu bu il bələdiyyə seçkilərində cəmi üç siyasi qüvvənin iştirak etməsilə ilə izah edib.

"Şübhəsiz, cəmi 3 siyasi qüvvənin iştirak etməsi öz təsirini göstərib. Əslində, vətəndaşların böyük bir qismi seçki məntəqəsinə öz gözləntilərini doğruldacağına ümid etdiyi konkret siyasi qüvvəyə görə gedir. Ehtimal edirəm ki, bu amilin də müəyyən təsiri olub", - Tiqran Mukuçyan jurnalistlərə deyib.

Qanun pozuntuları iddiası

Seçkilərdə iştirak edən müxalif siyasi qüvvələr və müstəqil müşahidəçi qrupları hakim partiya tərəfindən çoxsaylı qanun pozuntularına yol verildiyini qeyd edirlər.

"Çıxış" bloku Respublikaçılar Partiyasının (ERP) seçki qərargahlarında seçicilərə mütəşəkkil surətdə rüşvət paylanması hallarını qeydə aldığını bildirib.

"Biz bu halların mütəşəkkil xarakter daşıdığına dair təkzibedilməz dəlillərin şahidi olmuşuq və müşahidəçilərimiz tərəfindən qeyd edilib", - mətbuat konfransında blokun liderlərindən biri Edmon Marukyan bəyan edib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları isə "seçki rüşvətləri ilə mübarizədə fəaliyyətsizlik göstərir, bəzi hallarda isə pozuntuların aşkar edilməsinə maneələr yaradırdılar".

Səsvermə günü "Ərik diyarı" partiyasının rəhbəri Zaruhi Postancyan seçicilərin "əvvəlcə ERP qərargahına baş çəkib "pul götürüb sonra seçki məntəqəsinə" yollandıqlarını müşahidə edib, bunun qarşısını almaq istəyib.

"Lakin polis Zaruhi Postancyana və onun qızına qarşı zorakılıq edərək onları qərargahdan kənar edib", - Marukyan deyib.

Hakim ERP və MSK rəhbərliyi seçki günü müəyyən pozuntu hallarının müşahidə olunduğunu istisna etmir, lakin "bu kimi cüzi halların" seçkilərin nəticələrinə təsir etmədiyini bildirirlər.

Ermənistan polisi təkcə seçki günü müxtəlif pozuntular haqqında 70-ə yaxın məlumat alındığını bildirir.

17 hal üzrə araşdırma başlanıb, digər materiallar öyrənilir, polisin məlumatında deyilir.

Əlaqəli mövzular