Ara Babloyan Ermənistan parlamentinin sədri seçilib

Ara Babloyan Fotonun müəllifi Ermənistan Parlamenti
Image caption Ara Babloyan

Ermənistanın yeni, altıncı çağırış parlamentinin sədri vəzifəsinə hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP ) üzvü, 70 yaşlı sabiq səhiyyə naziri Ara Babloyan seçilib.

Babloyanın lehinə Ermənistan Milli Məclisinin 88 millət vəkili səs verib. 9 nəfərdən ibarət müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının təmsilçisi, 36 yaşlı hüquqşünas Edmon Marukyanın namizədliyini cəmi 12 millət vəkili dəstəkləyib.

Səsvermənin nəticələri şübhə doğurmurdu, çünki 105 üzvlük Ermənistan Milli Məclisinin 58 nəfəri hakim ERP fraksiyası, 7-i hakim partiya ilə koalisiya təşkil edən Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyasının üzvləridir.

Səsvermədə Milli Məclisin 100 üzvü iştirak etmişdir.


Ara Babloyanın profili

Ermənistan parlamentinin sədri 1947-ci ildə Yerevanda anadan olub. 1971-ci ildə Ara Babloyan Ermənistan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib.

Babloyan 1980-ci illərin sonunda Leninqrad Pediatriya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib. İsveçrədə və Belçikada böyrək köçürmə üzrə ixtisaslaşdırma keçib.

1990-cı ildə Yerevanda uronefrologiya və uşaq cərrahiyə mərkəzini, 2003-cü ildə "Arabkir" uşaq müalicə kompleksini təsis edib.

1991-1997-ci illərdə Ermənistanın səhiyyə naziri olub. 2007-ci ildə Ermənistan parlamentinin üzvü seçilib.

Elmlər doktorudur.


Parlamentin açılışı

Parlamentin ilk iclasını ən yaşlı millət vəkili, hakim Ermənistan Respublikaçılar Partiyasının təmsilçisi kürd mənşəli Knyaz Həsənov açıb.

Ermənistan prezidenti Serj Sarkisyan və bütün ermənilərin katolikosu İkinci Qareginin təbrik nitqilə çıxış edib və millət vəkillərinin andiçmə mərasimi keçirilib .

Deputatlar "ümummilli niyyətlərin gerçəkləşməsi və vətənin qüdrəti və çiçəklənməsi naminə xalq qarşısında öhdəliklərini vicdanla yerinə yetirmək, Ermənistan Respublikasının Konstitusiyası və qanunlarına əməl etmək, ölkənin suverenliyi və maraqlarının riayət edilməsinə xidmət etmək, vətəndaş həmrəyliyi, milli və ümumbəşər dəyərlərin qorunması üçün" əllərindən gələni etməyə and içiblər.

Milli Məclisin sədri və onun üç müavinləri gizli səsvermə nəticəsində seçiliblər. Əvvəlki, beşinci çağırış parlamentdə sədrin iki müavini olub.

Image caption Parlament binası.

Partiyaların manverləri

Çərşənbə günü axşam prezident Serj Sarkisyanın sədrliyi ilə keçən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) idarə heyətinin iclasında, prezidentin təşəbbüsü ilə, parlament sədri vəzifəsinə Ara Bablayan və iki müavini - ERP mətbuat katibi, millət vəkili Eduard Şarmazanov və iki gün bundan əvvəl ədliyyə naziri vəzifəsindən azad edilmiş Arpine Hovhannisyanın namizədlikləri təklif edilib.

Üçüncü sədr müavini vəzifəsinə müxalif parlament fraksiyasının üzvü olmalıdır. O, ya Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan, ya da "Çıxış" fraksiyasının təmsilçisi ola bilər.

2017-ci il, 2 aprel tarixində keçirilən parlament seçkilərinin nəticələrinə görə, bundan əvvəlki 131 nəfərdən ibarət beşinci çağırış Milli Məclisindən fərqli olaraq, altıncı çağırış Milli Məclisdə 105 millət vəkili təmsil olunur: 58 - hakim ERP, 7 - hakim partiya ilə koalisiya yaratmış Daşnaksutyun, 31 - Tsarukyan bloku və 9 - "Yelk" (Çıxış) blokunun üzvləri.

Milli Məclisin monitorinqi proqramının məlumatına görə, 105 nəfərdən ibarət yeni parlament üzvlərinin yarısından çoxu (54 nəfəri) keçən parlamentdə də təmsil olunub.

Ermənistan Hökuməti istefa verib

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Hökumətinin istefası qəbul edilib, lakin, Ermənistan Konstitusiyasına əsasən, baş nazir Karen Karapetyanın başçılıq etdiyi nazirlər kabineti yeni Hökumət formalaşdırıana kimi öz vəzifələrinin yerinə yetirilməsini davam etdirməlidir.

Ermənistanın parlament idarəçilik modelinə keçməsini nəzərdə tutan yeni Ermənistan Konstitusiyasına görə, baş nazirin namizədliyini Milli Məclis təklif etməlidir.

Parlamentdə əksəriyyət təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) idarə heyətinin son iclasında yenidən baş nazir Karen Karapetyanın namizədliyini təklif etmək qərarı qəbul edilib.

Əlaqəli mövzular