Azərbaycan: Qarabağdakı aeroportdan "uçuşlar təxribatdır"

Aeroport

Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altında olan Xocalı hava limanından "uçuşların keçirilməsi"nə dair xəbərlərdən sonra, belə planları "təxribat" və "qanun pozuntusu" adlandırıb.

"Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", XİN sözçüsü Hikmət Hacıyev bildirib.

Xocalı hava limanından uçuşların "həyata keçirildiyinə" dair ilkin məlumatlar Ermənistan mediasında yayılıb.

Bu hava limanından uçuşlar barədə məlumatlar 2011-ci ildən yayılır, lakin sonradan təxirə salındığı barədə məlumatlar ortaya çıxır.

Ermənistanda səyahət, ekstremal əyləncə və fəal istirahət təşkil edən "Yell Extreme Park" şirkəti Stepanakert/Xocalı aeroportu ilə Dağlıq Qarabağ ərazisində iki yerli təyyarə ilə birgə uçuşlar layihəsinin icrasına başladığını bildirib, Newsarmenia informasiya agentliyi layihənin müəllifi Tiqran Çibuxçyana istinadən məlumat yayıb.

Uçuşların başlanması xəbərini dəqiqləşdirməyə çalışan müxbirimiz qeyd edir ki, Ermənistanın Tavuş vilayətinin Yenokavan kəndində yerləşən "Yell Extreme Park" şirkətinin idarə və müəssisələr kataloqunda göstərilən yeganə telefon nömrəsi daima məşğul göstərir.

Newsarmenia agentliyi cənab Çibuxçyanın ötən həftədən Stepanakert-Şuşa marşrutu üzrə ikiyerli təyyarə ilə hava səyahətlərinin başlandığını dediyini bildirir.

Onun sözlərinə görə, uçuş 20-25 dəqiqə davam edir və hava turizmi həvəskarına 35 min drama (təxminən 73 dollara) başa gəlir.

Layihənin maliyyələşdirilməsinə "Yell Extreme Park" 35 min dollar sərf edib, agentlik bildirir.

Qarabağda iki yerli təyyarə ilə Stepanakertdən Qandzasar monastır kompleksinə də uçuşların təşkil ediləcəyi deyilir.

Turist şirkətinin nümayəndəsi Yerevandan turistləri "Yell Extreme Park"ın bazasına çatdırmaq üçün hazırda Yenokavan kəndində kiçik aviasiya aeroportunu tikmək məsələsi müzakirə olunur.

XİN isə bildirib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir və Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.

Cənab Hüseynov onu da bildirib ki, işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib:

"...Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir."

Sözçü əlavə edib ki, belə cəhdlər yerli Aviasiya haqqında Qanunun, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.

XİN həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini bu məsələyə "ciddi münasibət bildirilməyə və tədbirlər görməyə" çağırıb.

Azərbaycan bununla bağlı "beynəlxalq təşkilatlara - Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcəyini" də bəyan edib.

Bu barədə daha geniş