Putin Türkiyə vətəndaşlarının vizasız giriş hüququnu qismən bərpa edib

Putin və Erdoğan Fotonun müəllifi Getty Images

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə Türkiyəni, iki ölkə arasında vətəndaşların gediş-gəlişi barədə sazişin qismən bərpa edilməsi ilə bağlı məlumatlandırmağı tapşırıb, Kremldə bildiriblər.

Bununla bağlı, Rusiya XİN-i Türkiyəyə müvafiq məlumat göndərməlidir.

Söhbət 2010-cu ildə bağlanmış ikitərəfli sazişdən gedir.

Həmin sənəd Türkiyə vətəndaşlarına Rusiyaya vizasız gediş-gəliş haqqı verir.

Son dəyişikliklərlə əlaqədar Rusiyaya vizasız giriş haqqı alanlar sırasına Türkiyə təyyarələrinin uçuş heyəti, xidməti pasportlarla qısamüddətli ezamiyyətə gələnlər və onların ailə üzvləri aid edilib.

Eyni zamanda Türkiyə vətəndaşlarının işə götürülməsi və Rusiyaya Türkiyədən bəzi malların ixracına tətbiq edilən məhdudiyyətlər də ləğv olunub.

Ankara ilə Moskva arasında münasibətlər 2015-ci ilin noyabr ayında, Rusiya hərbi təyyarəsinin Suriya sərhədində Türkiyə tərəfindən vurulub salındıqdan sonra korlanmışdı.

Türkiyə o zaman hava məkanının pozulduğunu bildirmişdi, Moskva isə ittihamları rədd edirdi.

Həmin hadisədən sonra Rusiya Türkiyəyə qarşı itisadi sanksiyalar tətbiq etməyə başladı, Türkiyə məhsullarının Rusiyaya ixracı məhdudlaşdırıldı.

Türkiyədən meyvə-tərəvəz, ət və gül ixracına qadağa qoyuldu, Rusiyada turist paketlərinin Türkiyəyə satışı dayandırıldı.

Su-24 təyyarəsinin vurulmasına görə "üzrxahlıq " və pilotun ölümü ilə bağlı başsağlığı bildirilən məktub Erdoğan tərəfindən Putinə göndəriləndən sonra ikitərəfli münasibətlər düzəlməyə başladı.

Su-24 təyyarəsinə görə yaranmış böhrandan sonra prezidentlər arasında ilk ikitərəfli görüş 2016-cı ilin avqust ayında baş tutub.

Bu ilin may ayında Erdoğan ilə danışıqların yekununda Putin "qarşılıqlı ticarət sahəsində məhdudiyyətlərin aradan qaldırılması" barədə razılığın əldə edilməsini bildirmişdi.

Bu barədə daha geniş