Gürcüstan baş naziri: Əfqan Muxtarlının işində dövlətin rolu olmayıb

Georgi Kvirikaşvili Fotonun müəllifi Getty Images
Image caption Georgi Kvirikaşvili Əfqan Muxtarlının işində Gürcüstan dövlət orqanlarının iştirakını təkzib edib.

Cümə axşamı günü Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hökumətin iclasında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan "oğurlanması" iddiasında Gürcüstan dövlət orqanlarının iştirakını "istisna" edib.

Əfqan Muxtarlı mayın 29-u axşam saatlarında Tbilisi şəhərində yaşadığı yerə yaxınlıqda Gürcüstan polisi geyimində şəxslər tərəfindən saxlandığını və əlləri qandallı və başı örtülü şəkildə Azərbaycan Sərhəd Xidmətinə ötürüldüyünü iddia edib.

O, saxlanılmasının jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyir.

Lakin Azərbaycan Dövlət Sərhəd Xidməti və baş prokruroluq Əfqan Muxtarlının sərhədi şəxsiyyət vəsiqəsi olmadan və cibində 10 min avro pulla keçməyə cəhd etdiyini bildirib.

Hazırda o, qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və dövlət sərhəd xidməti əməkdaşına zor tətbit etməkdə ittiham olunur.

Gürcüstanın daxili işlər nazirliyi Əfqan Muxtarlı barədə təhqiqat aparıldığını bəyan edib.


Daha ətraflı oxuyun:


Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlı "Gürcüstanda saxlanılıb, döyülüb və Azərbaycana ötürülüb"

Baş nazir Georgi Kvirikaşvili kabinetinə bildirib ki, "mən bizim vətəndaşların və insan haqları təşkilatlarının narahatlıqlarını çox yaxşı anlayıram, lakin mən həmçinin erkən nəticələrə gedib çıxmağın qəbuledilməz olduğunu vurğulamaq istəyirəm".

Cənab Kvirikaşvili məsələnin mümükün olduqca qısa müddətdə həlli üçün hüquq mühafizə orqanlarını "əllərindən gələni" etməyə çağırıb.

Gürcüstan təhlükəsizlik orqanlarının Əfqan Muxtarlının saxlanmasında rolu barədə "spekulyasiyaların" tamamilə "qəbuledilməz" olduğunu deyən baş nazir, "belə bir fəaliyyətdə dövlət qurumlarının iştirakını istisna edirəm" deyib.

Bundan bir neçə saat əvvəl keçirdiyi mətbuat konfransında, Gürcüstanın daxili işlər naziri Georgi Mğebrişvili jurnalist Əfqan Muxtarlı barədə "məlumat alan kimi təhqiqata başlanıldığını və bu məqsədlə Azərbaycan tərəfi ilə əlaqə saxlanıldığını" deyib.

"Biz məlumat aldıq ki, onların vətəndaşı Dövlət Sərhəd Xidməti tərəfindən yaşıl zonada saxlanılıb və üzərində xeyli miqdarda bəyan edilməmiş valyuta tapılıb", deyə nazir bildirib.

Gürcüstan sərhəd polisinin "müasir standartlara uyğun çalışdığını" deyən nazir Mğebrişvili əlavə edib ki, çox az hallarda kimsə sərhədi "qanunsuz keçir".

"Azərbaycanlı həmkarlara əsasən Əfqan Muxtarlı halında belə olub", nazir qeyd edib.

"Əlləri arxadan "xamutla " bağlanıb"

2015-ci ildən Gürcüstanın paytaxtı Tbilisidə yaşayan araşdırmaçı- jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb.

Bir gün sonra o, vəkillərə zəng edərək, "oğurlandığını" və hazırda Bakıda - Dövlət Sərhəd Xidmətinin əsas binasında olduğunu deyib.

O, vəkili Elçin Sadıqova bildirib ki, Tbilisidə bazar ertəsi günü saat 18:00 radələrində Opel markalı avtomobilə zorla mindirilib, əlləri arxadan "xamutla " bağlanılıb və döyülüb.

Əfqan Müxtarlının məlumatına əsasən, avtomobil şəhərdən çıxdıqdan sonra onun başı əvvəl torba, sonra isə mayka ilə bağlanıb.

O, iki ayrı-ayrı avtomobillə Dövlət Sərhəd Xidməti məntəqəsinə gətirildiyini və cibinə 10 min avro pul qoyulduğunu deyib.

Baş Prokurorluq nə deyir?

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun 1 iyuna dair birgə məlumatında deyilir ki, Əfqan Muxtarlı "29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin üzərində, şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda sərhədi qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən saxlanılıb.

Bəyanatda qeyd edilir ki, jurnalist saxlanılarkən "DSX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib".

Məlumatda, həmçinin deyilir ki, DSX əməkdaşları tərəfindən axtarış zamanı "Muxtarlının üzərindən 10 min avro məbləğində nəğd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb".

"Vicdan məhbusu"

Beynəlxalq təşkilatlar cənab Muxtarlının həbsini tənqid edib, Gürcüstan və Azərbaycanın jurnalistin həyatı üçün məsuliyyət daşıdığını bildiriblər.

Amnesty İnternational onu "vicdan məhbusu" adlandırıb.

Çərşənbə günü və cümə axşamı günü Tbilisidə azərbaycanlı və gürcü insan haqları müdafiəçiləri və jurnalistlər azı iki dəfə etiraz nümayişi və bir neçə mətbuat konfransı keçirərək hökümətdən cavab tələb ediblər.

Fotonun müəllifi Getty Images
Image caption Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks jurnalistin "qaçırılma xəbərindən dəhşətə gəlib"

Avropa Şurasının İnsan Haqları Kommisarı Nils Muiznieks Əfqan Muxtarlının iddia edilən qaçırılma xəbəri səbəbindən "dəhşətə" gəldiyini bəyan edib.

Rəsmi Facebook səhifəsində paylaşdığı bəyanatda, cənab Muiznieks Əfqan Muxtarlının Azərbaycanın tənqidi səslərə qarşı represiya siyasəti səbəbindən 2015-ci ildən bəri Gürcüstanda yaşadığını deyib.

Kommisar Əfqan Muxtarlının cibinə pul qoyulduğu və işgəncə verildiyi iddialarını təkrarlayaraq Gürcüstan hökumətini iddialarla bağlı "effektiv, sürətli və müstəqil" araşdırma aparmağa çağırıb.

"Bunların hamısı çox ciddi iddialardır və Gürcüstan hakimiyyətinin mümkün olduqca ciddi diqqətini və təcili reaksiyasını tələb edir", cənab Muiznieks bildirib.

Azərbaycan hökumətini isə o, cənab Muxtarlını dərhal azad etməyə və "işgəncə və pis rəftardan qorunmaq daxil olmaqla insan hüquqlarını tamamilə təmin" etməyə çağırıb.

Azərbaycandan bununla bağlı rəsmi açıqlama verilməyib.

Bu barədə daha geniş