Gürcüstan: DİN diplomatlara Muxtarlının işilə bağlı məlumat verib

Əfqan Muxtarlı Fotonun müəllifi Elmir Mirzoyev

Gürcüstanın Daxili İşlər Nazirliyində azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı diplomatik korpusun nümayəndələrilə Gürcüstan rəsmiləri arasında görüş keçirilib.

Daxili işlər nazirinin müavini Şalva Xutsişvili işlə bağlı aparılan araşdırmaya dair məlumat verib.

Mayın 1-də keçirilən görüşdə o cümlədən ABŞ, Britaniya, Almaniya, Fransa səfirləri iştirak ediblər. Tədbirə beynəlxalq təşkilatların nümayəndələri də qatılıb.

Cümə axşamı günü Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan "oğurlanması" iddiasında Gürcüstan dövlət orqanlarının iştirakını "istisna" edib.

Əfqan Muxtarlı mayın 29-u axşam saatlarında Tbilisi şəhərində yaşadığı yerin yaxınlığında saxlandığını və iradəsi əleyhinə Azərbaycan Sərhəd Xidmətinə ötürüldüyünü iddia edib.

Azərbaycanda ona qarşı cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun vəkili cibinə 10 min avro qoyulduğunu iddia edib.

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun 1 iyuna dair birgə məlumatında deyilir ki, Əfqan Muxtarlı "29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin üzərində, şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda sərhədi qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən saxlanılıb".

O, qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və dövlət sərhəd xidməti əməkdaşına zor tətbiq etməkdə ittiham olunur.

Beynəlxalq təşkilatlar Əfqan Muxtarlının həbsini tənqid edib, Gürcüstan və Azərbaycanın jurnalistin həyatı üçün məsuliyyət daşıdığını bildiriblər.

Bu barədə daha geniş