Türkiyə Fethullah Gülen daxil olmaqla 130 nəfəri vətəndaşlıqdan çıxarır

Fethullah Gülen Fotonun müəllifi Reuters

Türkiyənin Daxili İşlər Nazirliyi, Fethullah Gülen və müxalif Xalqların Demokratik Partiyasından (HDP) millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Hezer daxil olmaqla 130 nəfəri Türkiyə vətəndaşlığından çıxarıb.

Bu şəxslər 3 ay ərzində Türkiyəyə qayıtmasalar, vətəndaşlıqları ləğv ediləcək.

Qərar Türkiyənin rəsmi dövlət nəşri olan Resmi Gazete-də dərc edilib. Resmi Gazete-yə daxil olan qərarlar dərc edilən tarixdən qüvvəyə minir.

Qərarda adları çəkilən şəxslərin Türkiyə cinayət məcəlləsinə daxil maddələrlə ittiham edildiklərinə görə ölkəyə qayıtmaları tələb olunur.

Siyahıda adları çəkilən şəxslərin mühüm bir qismi barədə "Gülen qurumu, PKK və İD-ə üzv olmaq" iddiası üzrə istintaq keçirilir.

Onlardan biri, Kozanlı Ömer ləqəbi ilə Türkiyə mətbuatında tanınan Osman Hilmi Özdildir. Onun Gülen təşkilatının "təhlükəsizlik imamı" olduğu idda edilir.

Rəsmi Ankara Fethullah Güleni keçən ilin iyul ayında baş vermiş hərbi çevriliş cəhdinin arxasında olmaqda günahlandırır. ABŞ-da məskunlaşan cənab Gülen bu iddiaları rədd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş