Leyla Mustafayeva: Əfqan Muxtarlı "onlara yalnız Əliyev ailəsinə görə lazım idi"

Лейла Мустафаева
Image caption Leyla Mustafayeva

Mayın 29-da Tbilisidə oğurlanaraq Bakıya aparıldığını iddia edən jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva BBC müxbiri Nina Axmeteliyə Tbilisidə baş verənlər barədə danışıb.

Azərbaycan hakimiyyəti barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlını mayın 29-u gecə saat 22:40-də Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçdiyini, və saxlanılarkən dövlət sərhəd xidmətinin (DSX) əməkdaşına zor tətbiq etdiyini iddia edir.

Həmçinin Azərbaycanın Baş prokurorluğu və DSX onun üzərindən 10 min avro aşkar edildiyini qeyd edir.

Əfqan Muxtarlı bu iddiaları rədd edir və mayın 29-u saat 7 radələrində Tbilisidə zor tətbiqilə 4 nəfər tərəfindən oğurlandığını, Azərbaycan tərəfinə ötürüldüyünü və cibinə 10 min avro pul qoyulduğunu israr edir.

Leyla Mustafayeva yoldaşının saxlanmasının ona və Gürcüstana təsiri barədə danışıb.

- Əfqanın hadisə barədə versiyası nədir?

- Onun versiyası budur ki, onu Tbilisidə oğurlayıblar və bu oğurlamada hər iki ölkə əməkdaşlıq edib. Başqa cür kimisə günün-günorta çağı şəhərin ortasında oğurlamaq mümkün olmazdı.

Onlar onu oğurlayanda əvvəlcə gürcücə danışır və hansısa yüksək rütbəliyə məlumat verirdilər. Bundan sonra onu azərbaycanca danışan adamlara təhvil veriblər.

O, küçə ilə gəzirdi və bu vaxt ona bir maşın yaxınlaşıb yolunu kəsdi. Sonra maşından dörd adam çıxıb. Onlardan üçü formada olub, biri isə mülki geyimdə.

Onlar gürcücə danışırdılar və iki dəfə maşın dəyişiblər.

- Onlar onu döyürdülərmi?

- O görürdü ki, onu hava limanına tərəf aparırlar. Sonra isə maşın Tbilisidən çıxanda onun başına torba keçiriblər. Onu saxlayanda döymüşdülər.

- Bu nə vaxt baş verib və hadisənin şahidləri varmı?

- Hadisə axşam saat 7.30-da baş verib. Ola bilsin ki, orda kimsə olub. Orada tikinti sahəsi var. Fəhlələr onu mütləq görməli idilər.

- Həyəcan qaldırmaq üçün nə etdiniz?

- Mən həyəcanı səhər qaldırdım. Əvvəl düşünmüşdüm ki, haradasa dostları ilədir. Həm də o mənə demişdi ki, telefonun batareyası oturmaqdadır.

Buna görə də mən düşündüm ki, telefonun batareyası qurtarıb və ona görə də sönüb.

Mən düşünürdüm ki, onu Azərbaycana hüquqi yolla aparmaq istəyəcəklər. Gürcüstandan oğurlanmaq məsələsi heç ağlıma da gəlmirdi.

- İndi onun səhhəti necədir?

- Onun diabeti var, ona su, dərmanlar və vaxtı-vaxtında yemək lazımdır.

Onlar deyirlər ki, ona dərmanlarını çatdırıblar. Onun iki problemi var.

O, 43 yaşındadır.

Onun bədənində döyülməkdən qançırlar var. Heç bir tibbi müayinə aparılmayıb. Qanunla o artıq müayinədən keçirilməli idi, lakin bunu etməyiblər.

İndi onun halı babatdır.

- Onun həyatından niyə narahatsınız?

- O mart ayında ölü tapılmış fəalın saxlandığı eyni kameraya salınıb. Mən buna görə də narahatam.

- Siz özünüzü nə dərəcədə təhlükəsizlikdə hiss edirsiniz? Qızınızın neçə yaşı var?

- Onun 4 yaşı olacaq. İndi 3 il 11 aylıqdır. Nazirlik bizi əmin edib ki, hər şey yaxşı olacaq. Riskin dərəcəsi azalıb. Hətta onun bəyanatından da belə çıxır ki, əvvəla risk böyük olub və indi azalıb.

Mənim hələ də narahatlığım var. Lakin məni əmin ediblər ki, mənə təhlükə yoxdur. Onlar təhlükəsizlik tədbirləri də təklif ediblər. Mənə həyəcan siqnalı qurğusunu veriblər.

Onlar həm mənə, həm də qızıma mühafizəçi ayırıblar.

Mən üç səbəbə görə vətəndaşlıq vermək təklifini rədd etmişəm:

Birinicisi - 2016-cı ilin sentyabrında mənə oturum verməkdən imtina edilib. O vaxt mənə demişdilər ki, mən təhlükəli fəaliyyətlə məşğulam və bu Gürcüstan dövlətinin maraqlarına ziddir.

Bundan əvvəl Gürcüstanda olmağımın səbəbləri barədə antiterror departamentində sorğu-sual etmişdilər.

İkinci səbəb budur ki, mənim ərimi burada oğurlayıblar. Mən bu təklifi hədiyyə kimi qəbul edə bilmərəm, çünki burada bizim hüquqlarımız pozulub.

Və üçüncüsü - məncə indi onlar "baxın, biz ona və qızına vətəndaşlıq veririk" deməklə ölkələrinin imicini xilas etməyə çalışırlar. Bu lap şouya bənzəyir. Əfqanın problemi mənimkindən böyükdür. Onun həyatı təhlükədədir. Onun azadlığı artıq məhdudlaşdırılıb.

Əgər Baş nazir səmimi olsaydı, vətəndaşlıq vermək təklifini mənə və qızıma yox, Əfqana edərdi. Amma onlar bunu etməyiblər.

- Siz 2015-ci ilin yanvarında Gürcüstana niyə gəlmişdiniz?

- Mən o vaxt Gürcüstanda GİPA-ya daxil olmuşdum və burada oxumalı idim. Biz Gürcüstana yanvarın 19-da gəlmişik. O, bura yanvarın 5-də, repressiyalara görə gəlmişdi.

O vaxt QHT üzvlərini həbs edirdilər. Xədicəni həbs etmişdilər. Sonra ona da məlumat gəlmişdi ki, onu da həbs edəcəklər.

Ona görə də o məndən və qızımızdan əvvəl qaçıb getmişdi. Mən onun dalınca sonra getmişəm.

O, Xədicə ilə yalnız cangüdən kimi qalmağa razılıq vermişdi. Xədicə ona inanırdı və istəyirdi ki, Əfqan bütün günü onunla olsun. Onu bu məsələ ilə bağlı təqib edirdilər.

Həmin vaxtlar o həm də Müdafiə Nazirliyi ilə bağlı jurnalist təhqiqatı aparırdı və əgər Xədicə bütün günü onunla qalmağı xahiş etməsəydi bu işi davam etdirəcəkdi.

Bununla bağlı jurnalist təhqiqatını aparmaq mümkün deyildi.

- O cangüdən idi, yoxsa jurnalist?

- Əfqan həmin vaxtadək cangüdənlik etməmişdi və Xədicəni mühafizə etdikdən sonra jurnalist kimi işini davam etdirmişdi.

O, Meydan TV üçün işləyirdi və OCCPR-la əməkdaşlıq edirdi.

- Deməli o Xədicə ilə əlaqələrinə görə qaçmağa məcbur olub?

- Bəli çünki o, Xədicə ilə əlaqəsinə görə hədələr alırdı.

- O niyə Gürcüstanı seçmişdi?

- O buranı mənə görə seçməmişdi, sadəcə hesab edirdi ki, bura ən təhlükəsiz yerdir.

2015-ci ildə mən düşünürdüm ki, bura təhlükəsizdir, lakin o məqalələrindən sonra hiss etmişdi ki, müşahidə altındadır.

Onun təhqiqatı Əfqan Gürcüstanda olarkən dərc edilmişdi. Bundan sonra onu izləməyə başladılar.

- Oğurlanma üçün səbəb nə idi?

- Onlar kimsə onun (Əliyevlərin) biznesindən yazanda əsəbiləşirlər. Gürcüstanda Əliyevlərinn biznesi barədə heç kim yazmayıb və o bu barədə yazan ilk jurnalist idi.

Onların başqa Avropa ölkələrində olan biznesləri barədə yazanlar olub, amma bundan əvvəl Gürcüstandaki biznesləri barədə heç kəs yazmamışdı. O bura gələndə çox fəal idi.

O hətta buradakı Azərbaycan səfirliyinin qarşısında Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirmişdi.

Bu Azərbaycanın reputasiyasına zərbə vururdu. O, hökuməti Facebook-da açıq şəkildə tənqid edirdi. O bütün bu işlərə görə həbs edilib.

- Onların bundan narahat olduğunu göstərən bir əlamət var idimi?

- Onlar belə yazılar barədə şərh vermirlər. Amma onu izləyirdilər. Bu çox ciddi məsələdir. Bu o deməkdir ki, sizi kimsə bütün günü təqib edir və sizin barədə hər şeyi bilir.

Ona görə izləmə məncə kifayətdir. Onlar əllərinə yaxşı fürsət düşənəcən onu izləmişdilər. Bu iki il idi ki, davam edirdi.

O, evin ətrafında onu güdənləri görmüşdü və hətta onların fotolarını çəkmişdi.

O görürdü ki, ilk vaxtlar onu güdənlər azərbaycanca danışırdılar. Bu əvvəlcə Azərbaycan dilinin Bakı, sonra isə Gürcüstan ləhcəsi idi. Son bir neçə gündə o izləndiyini hiss etmirdi. Görünür həmin vaxt onlar [ona qarşı] əməliyyatı artıq hazırlamışdılar. Bunu peşəkar səviyyədə etmişdilər.

- Hadisə Azərbaycan Gürcüstan üçün böyük qalmaqal yaradıb. Onlar onun ekstradisiyası üçün niyə hüquqi vasitələrə əl atmayıblar?

- Onlar bunu edə bilməzdilər çünki heç bir hüquqi yolları yox idi. Biz Gürcüstanın heç bir qanununu pozmamışdıq və buna diqqət yetirirdik ki, qanuni yolları olmasın.

Onlar ona görə bunu etdilər. Onun burdan çıxarılması üçün başqa bir yolları yox idi.

O onlara yalnız Əliyev ailəsinə görə lazım idi. Mən buna 100 faiz əminəm.

- Sizcə bu kimin qərarı olub?

İki il əvvəl Təzadlar adlı bir qəzetin redaktoru həbs edilmişdi və Əliyev "onun barədə heç bir məlumatım yoxdur" deyəndən sonra onu dərhal azad etdilər.

Lakin bizə gəldikdə o heç bir şey deməyib. "Mənim məlumatım yoxdur" deməyib.

[Azərbaycanda] Əliyevin xəbəri olmadan heç kəs bir jurnalisti nəinki oğurlaya - saxlaya da bilməz və Əliyevdən başqa heç kəsin ona ehtiyacı yox idi.

Bu Əliyevin şəxsi göstərişilə baş tutub. Mən buna 100 faiz əminəm.

- Sizin Gürcüstandan tələbiniz nədir?

- Mən bu məsələni ədalətli və qərəzsiz şəkildə araşdırmalarını istəyirəm. Lakin bu işlə bağlı istintaq başlayandan bir həftə keçsə də mənim vəkilimə hələ ki, heç bir məlumat verilməyib.

Bu onların ləng olduqlarını göstərir və bunu qəsdən edirlər. Onlar onun Gürcüstanda oğurlandığını təsdiq etməlidirlər və biz bundan 100 faiz əminik.

Əfqan bu barədə öz şərhini verib. Onlar bizi faktlarla təmin etməlidirlər.

Əgər onun sərhədi keçdiyini iddia edirlərsə, onun ora tək getdiyini və məcburən aparılmadığını bizə göstərməlidirlər.

Onlar məsələni araşdırıb bizi məlumatla təmin etməlidirlər.

- Deyirsiniz ki, orada kameralar olub, videogörüntüləri veriblərmi?

- Hələ yox. Heç bir görüntü və ya informasiya verilməyib.

- Siz bu təhqiqat barədə nə düşünürsünüz?

-Onlar yalnız Azərbaycan tərəfinin dediklərini təkrarlayırlar. Onlar ilk gündən araşdırmanı ləngidir, Azərbaycan tərəfinin bəyanatını gözləyirdilər. Amma onlar özləri əvvəla bəyanat verməli idilər.

Artıq 2-ci 3-cü günləri dediklərini bir azca dəyişdilər. Amma heç nə əhəmiyyətli dərəcədə dəyişməyib. Hələ də bizdə onun oğurluğu barədə məlumatımız yoxdur və müşahidə kameralarından tələb etdiyim görüntülər də yoxdur.

Mən düşünürəm ki, onlar bu məsələnin belə yüksək əhəmiyyət kəsb edəcəyini və Gürcüstanın reputasiyasına xələl gətirəcəyini gözləmirdilər.

Gürcüstanın illər ərzində yaradılan reputasiyasının bir neçə saniyə içində məhv ediləcəyini gözləmirdilər.

- Bu işi baş prokurormu aparmalıdır?

- Əgər bu işə polis qarışıbsa, o bu işi apara bilməz, çünki maraqlı tərəfdir. Bu xırda bir iş deyil, burda insanın oğurlanması məsələsi var. Əlbəttə ki, bunu prokuror araşdırmalıdır.

Biz dünən (bazar ertəsi) təhqiqatın aparılması üçün prokurorluğa müraciət etmişik. Hələlik cavab verməyiblər.

- Növbəti addımlarınız nə olacaq?

- Biz hüquqi prosesə riayət etməklə bunu davam etdirəcəyik. Kənarda durmayacağıq. Biz həm ictimai, həm də hüquqi təzyiq göstərəcəyik.

- Azərbaycan hakimiyyətinin onu buraxacağına ümidiniz varmı?

- Yox, onlar bunu etməyəcəklər. Onlar heç Xədicəni də buraxmamışdılar.

- Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəksinizmi?

- Əgər hüquqi çıxış yolu tapmasaq edəcəyik.

- Gürcüstanda qalmağı planlaşdırırsınızmı?

- Hələ ki, burda qalmaq istəyirəm. Lakin nə vaxtacan bilmirəm.

- Gürcüstanda sizə çoxlu insan dəstək olub. Buna münasibətiniz nədir?

-Bütün Gürcüstan cəmiyyəti bizə dəstək bildirib. QHT-lər, jurnalistlər... hətta mən küçədə gəzə bilmirəm. Həmişə məni kimsə saxlayır və üzr istəyərək Gürcüstan rəsmiləri və hakimiyyətinə görə xəcalət çəkdiyini deyir.


İndiyədək nə baş verib?

Əfqan Muxtarlının işilə bağlı iki fərqli versiya var.

Azərbaycan bu işlə bağlı ilk bəyanatında Əfqan Muxtarlının 29 mayda, saat 22:40-da üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini bildirir.

Hakimiyyət həmçinin onun dövlət sərhəd xidmətinin (DSX) əməkdaşına qarşı zor tətbiq etdiyini deyir.

Birgə bəyanatla çıxış edən DSX və Baş prokurorluq onun üzərində 10 min avro nağd pulun tapıldığını iddia edir.

Lakin Əfqan Muxtarlının versiyası fərqlənir.

O, bildirir ki, 29 mayda, təxminən saat 19:30-da bir maşının onun yolunu kəsib. Həmin maşından çıxan 4 nəfərdən 3-ü Gürcüstan polisi formasında və biri mülki geyimli şəxs olub.

O, gürcü dilində danışan bu şəsxlər tərəfindən saxlanılarkən döyüldüyünü və əlləri qandallanaraq zorla maşına mindirildiyini deyir.

Əfqan Muxtarlı öncədən başına keçirildiyi torbanın daha sonra skoçla bağlanılan köynəklə əvəzləndiyini bildirib.

Yol boyunca maşınların dəyişdirildiyini deyən jurnalist sayca üçüncü avtomobildə onunla oturan şəxslərin Azərbaycan dilində üstü örtülü danışdığına fikir verib: "Mollanı gətiririk, generala deyin yasa gəlsin", onu müşayiət edən şəxslərdən biri kiməsə telefon edərək deyib.

Üçüncü maşınla bir binaya gətirilən jurnalistin başından köynək çıxaralandan sonra o dövlət sərhəd xidmətinə məxsus məntəqədə olduğunu görüb. Əfqan Muxtarlı iddia edir ki, sərhədçilər üzərində axtarış apararkən onun cibinə 10 min avro pul qoyublar.

Bakıya aparıldıqdan sonra, 30 mayda, o, vəkili ilə görüşə bilib. Əfqanın pasportu üzərində olmayıb.

Mayın 31-də Səbail Rayon Məhkəməsi sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və zor tətbiq edmə maddələri üzrə onun barəsində 3 aylıq həbs qətimkan tədbirini seçib.

6 iyunda Bakı Apellyasiya Məhkəməsi onun hökmə qarşı şikayətini təmin etməyib.

Gürcüstan hakimiyyəti iddiaları araşdırdığını bildirir. Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanın rəsmi versiyasını təkrarlayaraq, yalnız bu məlumatın onlara verildiyini qeyd edib.

Gürcüstan prezidenti iddialarla bağlı narahatlığını vurğulayıb və baş nazir Giorgi Kvirikaşvili hadisədə Gürcüstan hakimiyyətinin əli olduğu deyənləri qınayıb.

Cümə günü Azadlıq Radiosuna verdiyi müsahibədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirib ki, "Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir... Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb".

Lakin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti birgə fəaliyyətin nəticəsi barədə bəyanatın həqiqətə uyğun olmadığını deyib.

Rəsmi bəyanata deyilir ki, Dövlət Təhlükəsizlik Xidməti Əfqan Muxtarlının işilə bağlı hər hansı əlaqəsinin olduğu barədə məlumatı "qəti şəkildə" rədd edir.


Bu barədə daha geniş