Minsk qrupu həmsədrləri Qarabağdadır

Minsk Qrupu həmsədrləri bu həftə Bakıya da səfər edəcək Fotonun müəllifi Tanınmamış "DQR prezidentinin saytı"
Image caption Minsk Qrupu həmsədrləri bu həftə Bakıya da səfər edəcək

Bölgəyə səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk bazar ertəsi Xankəndidə (Stepanakert) tanınmamış "Dağlıq Qarabağ Respublikası prezidenti Bako Sahakyanla" görüşüblər.

Görüşdə "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və təmas xəttində vəziyyətə aid məsələlər müzakirə edilib", tanınmamış "DQR prezidenti mətbuat xidmətinin" məlumatında deyilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri - səfirlər Richard Hoagland (ABŞ), Stephane Visconti (Fransa) və İqor Popov (Rusiya) - bundan əvvəl Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Vigen Sarkisyanla görüşüblər.

Görüşlərdən sonra həmsədrlərin Bakıya səfəri planlaşdırılır.

Azərbaycan və Ermənistan "yanğınlara görə bir-birini ittiham edir"

Həmsədrlərin bölgəyə səfəri fonunda "Ağdam rayonunun Baş Qərvənd, Bayramlar və Kəngərli yaşayış məntəqələrində yanğınlar" barədə məlumatlar yayılıb.

Ermənistan tərəfi, Ermənistan hərbi birləşmələrinin nəzarəti altında olan bu ərazilərə od vurulması barədə Azərbaycan mediasının yaydığı məlumatları təkzib edib.

Tanınmamış "DQR Müdafiə Nazirliyi" mətbuat xidmətinin məlumatına görə, "erməni ordusu birləşmələrinin guya Ağdam rayonunun Baş Qərvənd, Bayramlar və Kəngərli yaşayış məntəqələrində yanğın törətməsi haqqında məlumatlar həqiqətə uyğun deyil".

Azərbaycan tərəfi dəfələrlə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun işğal altında olan kəndlərində "yanğınlar törətdiyini" bildirib.

APA-nın Qarabağ bürosunun son xəbərinə görə, yanğınlar bazar günündən bazar ertəsinə keçən "gecə boyu ermənilərin nəzarətində olan Baş Qərvənd və Şıxlar kəndlərində müşahidə olunub. Yanğın gedən ərazilərdə tüstülənmənin hələ də davam etdiyi bildirilir".

Lakin Ermənistan tərəfi isə iddia edib ki, bu yanğınları Azərbaycan tərəfi törədib.

"Azərbaycanda məhsul yığımı başa çatdığına görə, onlar özləri əkin sahələrini yandırır və buna görə də od çox vaxt neytral ərazilərə yayılır", Ermənistan tərəfinin məlumatında deyilib.

Bu barədə daha geniş