Yerevan: Müxalif "Müəssislər məclisi" təşkilatının liderinin məhkəməsi başlayıb

Müttəhimlər Jirayr Sefilyan (ortada), Gevorq Safaryan (sağda) vəkil Tiqran Hayrapetyanla
Image caption Müttəhimlər Jirayr Sefilyan (ortada), Gevorq Safaryan (sağda) vəkil Tiqran Hayrapetyanla

Yerevan şəhəri Şenqavit inzibati dairəsi ümumi yurisdiksiya məhkəməsi çərşənbə axşamı "Müəssislər məclisi" təşkilatının lideri Jirayr Sefilyanın işi üzrə növbəti prosesi keçirib.

Jirayr Sefilyan ötən ilin mayın 20-də saxlanıb və kütləvi iğtişaşlar təşkil etmək cəhdi, vətəndaşların və hərbçilərin həyatı üçün təhlükə kəsb edən silah və zor tətbiq edərək strateji əhəmiyyətli bina və tikililər ələ keçirmək cəhdi və qeyri-qanuni silah saxlamaq ittiham olunur.

İttihamnaməyə əsasən, ibtidai istintaq nəticəsində aşkar edilib ki, niyyətlərini gerçəkləşdirmək məqsədilə Sefilyan 2015-ci ilin noyabrından "yaratdığı mütəşəkkil silahlı dəstəyə rəhbərlik edib".

Onunla birlikdə eyni cinayət maddələri üzrə daha 7 nəfər ittiham olunur. Jirayr Sefilyan daxil olmaqla onlar da bügünkü məhkəmənin müqəssirlər kürsüsündə əyləşmişdi.

Məhkəmə zalında toplaşan Jirayr Sefilyanın tərəfdaşları onu "Jirayr! Jirayr!" səsləyərək alqışlayır, fasilə elan olunarkən yola salırdılar.

Sefilyanın adından başqa, zaldakılar "Məhv olsun rejim!" çağırışları ilə də məhkəmə prosesinin arasını kəsirdilər.

Məhkəmənin sədri Tatevik Qriqoryan müttəhimlərin vəkillərinin vəsatətlərinə baxmaq üçün iki dəfə bir saatlıq fasilə elan etdi, lakin vəsatətlərin heç birini qəbul etməyib.

Əlaqəli mövzular