Baykonurdakı ölüm hadisəsi qazaxıstanlıların qəzəbinə səbəb olub

Raket Fotonun müəllifi ROSCOSMOS

Baykonurdan Rusiya raketinin son buraxılışı ardınca ərazidə təmizliklə məşğul olan qazaxıstanlı işçinin ölümündən sonra qazaxıstanlı istifadəçilər Rusiyanın idarə etdiyi kosmodromla bağlı məyusluqlarını ifadə edirlər.

Rusiyanın Roskosmos dövlət şirkəti 14 iyunda Beynəlxalq Fəza Stansiyasına yollanan Progress MS-06 yük raketinin Baykonurdan buraxılışını texnoloji uğur kimi dəyərləndirib.

Lakin TASS agentliyi hadisədən sonra Soyuz-2 1a raketi pilləsinin yerə düşdüyü ərazidə əmələ gəlmiş yanğını söndürmək cəhdi vaxtı Rusiya şirkətinin əməkdaşının öldüyünu bildirib.

Qazaxıstanın Tengrinews vebsaytı yazır ki, Baykonurdan 600 km aralıda yerləşən Jeskazqan şəhəri yaxınlığındakı səhrada baş verən yanğına səbəb yerə düşən raket hissələri olub.

Mübahisənin səbəbi

İşçinin həlak olması barədə xəbər Qazaxıstanın sosial mediasında geniş reaksiya doğurub.

"Rusiya öz raketlərini buraxır bizim adamlar isə öz torpaqlarında ətrafı dolaşaraq yanğınları söndürür. Bu cəfəngdir", - istifadəçilərdən biri bildirir.

Daha bir nəfər ölümdə Rusiyanı təqsirləndirir: "Raket Kremlə düşsə idi daha yaxşı olardı".

Rusiyanın Baykonur kosmodromunun mövcudiyyəti bəzi qazaxıstanlılar tərəfindən mübahisəyə səbəb yaradan amil kimi dəyərləndirilir.

Baykonur ölkənin mərkəzində yerləşir.

Bu isə o deməkdir ki, təsadüf və yaxud da qəza nəticəsində göydən düşən hər bir hissə məhz Qazaxıstan ərazisinə düşəcək.

2013-cü ildə 600 ton toksik yanacaq daşıyan Proton raketi buraxılışdan bir neçə saniyə keçmiş partlayaraq yanmışdı.

O vaxt İnterfax agentliyinə danışan yerli ekoloq demişdir ki, ölkəsi Rusiya kosmik uğursuzluqlarının altını çəkir və bunun səbəblərindən biri də "Qazaxıstan hökumətinin arxayın olması"dır.

"Onlar kosmodromu bir tövlə kimi icarəyə verdikdən sonra heç nə etməyiblər", - Mels Eleusizov deyib.

"Bu, ölkəmizin rüsvayçılığıdır".

Gözlənilir ki, növbəti on il ərzində Rusiyanın Uzaq Şərqindəki yeni Vostoçnıy kosmodromu Baykonurdan asılılığı azalda bilər.

Fotonun müəllifi TSENKI TV
Image caption 2013-cü ildə Proton-M raketinin qəzası çirkli tullantılar barədə ehtiyatlar yaratmışdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş