Aİ nümayəndəsi: Ermənistanda MSK-nın "tərkibi dəyişdirilməlidir"

Hökumət evi
Image caption Ədliyyə naziri David Harutyunyan Aİ nümayəndəsinin çıxışını daxili siyasət məsələlərinə müdaxilə cəhdi adlandırıb.

Ermənistanda Aİ nümayəndəliyinin rəhbəri, hesab edir ki, ölkədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişdirilməlidir.

Ermənistanda seçki proseslərinin yekunlarına həsr olunmuş konfransda çıxış edən səfir Pyotr Svitalski komissiyanın tərkibinə vətəndaş cəmiyyəti nümayəndələrinin daxil edilməsini tövsiyə edib.

"Mən MSK-nın işini yüksək qiymətləndirirəm, lakin bu qurum böyük ictimai etimada malik olmalıdır. Fikrimcə, MSK-nın tərkibi genişlənməli, ona vətəndaş cəmiyyəti nümayəndələri daxil edilməlidir. Mənim ermənilərə məsləhətim budur. Komissiya ictimaiyyətin ona etimad etməsini istəyirsə, etimada layiq struktur olmalıdır", - cənab Svitalski deyib.

Aİ səfirinin sözlərinə görə, heç kəs Ermənistanda son seçkilərin (apreldə parlament seçkiləri olub) "mükəmməl olduğunu, hədəf tutduğu səviyyəyə, demokratiya standartlarına çatdığını deyə bilməz".

Pyotr Svitalski deyir ki, seçki məntəqələrində səsvermə prosesi ədalətli keçib, lakin onların kənarında nə baş verdiyinə diqqət yetirmək lazımdır.

Aİ nümayəndəsi səslərin pulla alınması, rüşvət paylama, hədə-qorxu gəlmə, göstərişlə səsvermə hallarının müşahidə olunduğunu qeyd edib.

"Hətta bir fotoşəkildə xəstəxanada həkimlərin xəstələrin əvəzinə səs verdiyi təsvir olunmuşdu... Mediada məktəblərdə necə mənəvi böhran hökm sürdüyünü əks etdirən məqalələrə rast gəlmək olardı. Pul paylama, insanların zorakılığa məruz qalması... Özəl müəssisələrdə səs gətirmək [hakim partiyanın üzvü olan müəssisə sahibi üçün] tələbi ilə əməkdaşlarla kobud, təhqiramiz rəftar hallar...", - Pyotr Svitalski xatırlayıb.

Cənab Svitalski öz nitqində həmçinin Ermənistan hüquq-mühafizə sisteminə toxunub. Onun sözlərinə görə, ictimaiyyətdə hüquq-mühafizə orqanları müstəqil və neytral kimi nəzərdən keçirilmirlərsə, heç vaxt insanları inandıra bilməzlər ki, ictimaiyyətin maraqları naminə hərəkət edirlər.

"Hüquq-mühafizə sistemi dövlətin tərkib hissəsi olsa da, siyasi elitanın maraqlarına qulluq edən sistem kimi qavranılmamalıdır", - Svitalski qeyd edib.

"Bəzən cinayət işlərində bu kimi faktların aşkar edilməsi ilə bağlı çətinliklər olur. Lakin bu faktlar göz qabağındadır. Düşünürəm ki, belə halların ləğv edilməsi üçün səy göstərirlər", - səfir Svitalski deyib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən "Ermənistanda seçki prosesləri: ibrət və gələcək addımlar" sərlövhəli konfransda iştirak edən Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan da iştirak edib.

Pyotr Svitalskinin sözlərinə görə, bu hal Ermənistan hakimiyyətinin demokratiya standartlarını ölkədə tətbiq etməyə hazır olduğunu göstərir.

Daxili işlərə müdaxilə

Hakim Ermənistan Respublikaçılar Partiyası səfir Svitalskinin bəzi qeydlərini əsassız və yolverilməz hesab edir.

Ədliyyə naziri David Harutyunyanın reaksiyası olduqca sərt olub.

"Mən hesab edirəm ki, MSK-nın tərkibinin dəyişib-dəyişməməsi ölkəmizin daxili işidir, və qərarı parlament qəbul edir... Cənab Svitalski belə bəyanat veribsə, hesab edirəm ki, bu, daxili siyasət məsələlərimizə qarışmaq cəhdidir. Bunun xoş və ya başqa niyyətlə edildiyindən asılı olmayaraq, yolverilməz hesab edirəm", - jurnalistlərə David Harutyunyan deyib.

Hakim partiyanın mətbuat katibi. Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov isə Aİ rəsmisinə Ermənistanın "suveren dövlət" olduğunu xatırladıb, onun hərəkətlərini "siyasi nəzakətsizlik" adlandırıb.

"Biz Aİ partnyorlarımızın təklif və tövsiyələrini, rəylərini qəbul edirik, lakin bunun daha nəzakətli, daha diplomatik tərzdə edilməsi düzgün olardı", - Şarmazanov jurnalistlərin sualını cavablandırıb.

Seçkilərin ədalətli və etibarlı təşkil edilib keçirilməsi üçün Avropa İttifaqının milyonlarla dollar təqdim etdiyinə dair Şarmazanov deyir:

"Biz Avropa İttifaqına bizdə demokratiyanın inkişafı üçün dəstəyinə görə minnətdarıq. Bu başqa məsələdir. Söhbət fərdi rəylərdən gedir, hansı ki sözügedən şəxsin səlahiyyətləri daxilində deyil".

Ermənistan parlament seçkiləri 2 apreldə keçirilib.

Bu, ölkənin tam parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan (2015-ci il) konstitusiya islahatlarından sonra keçirilən ilk parlament seçkiləri olub.

131 nəfərdən ibarət beşinci çağırış Milli Məclisdən fərqli olaraq, yeni parlamentdə 105 millət vəkili təmsil olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş