Ermənistan: Azərbaycanda yayılan videodakı şəxs "orduya aid deyil"

Əsgər Fotonun müəllifi Getty Images

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Azərbaycan MN tərəfindən yayılan videoda təsvir edilən şəxsin Ermənistan silahlı qüvvələrinə aidiyyəti olmadığını deyir.

"Mən rəsmən və qətiyyətlə bəyan edirəm ki, videoda təsvir edilən şəxsin Ermənistan silahlı qüvvələrinə aidiyyəti yoxdur", - BBC Yerevan müxbirinə Artsrun Hovhannisyan deyib.

Çərşənbə günü Azərbaycan Müdafiə nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupuna aid olduğunu və ələ keçirdiyini dediyi üzvünün foto və videosunu yayıb.

Videoda onunla danışan şəxs həm erməni dilində suallar verir, həm də sualların cavabını Azərbaycan dilinə tərcümə edir.


Həmçinin oxuyun:


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın sözlərinə görə, Zaven Karapetyan kimi təqdim edilən şəxsin əynindəki hərbi geyim də (zirehli jilet) naxışları ilə "Ermənistan ordusunda istifadə ediləndən fərqlidir".

Videoda Zaven Karapetyanın anadan olub yaşadığı bildirilən Noyemberyan rayonunun Doveğ kənd icma başçısı Samvel Qorqinyan isə deyib ki, bu kənddə heç vaxt Zaven Karapetyan ad-soyadlı insan yaşamayıb.

Lakin Vanadzor şəhərinin bələdiyyə başçısı Mamikon Aslanyan Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda təsvir olunan şəxsin Ermənistan vətəndaşı olduğunu təsdiqləyib.

Aslanyanın sözlərinə görə Zaven Karapetyanın dəqiq yaşayış yeri olmadığına görə, şəhərdəki qocalar evində yaşayırmış. "O, uşaq evində böyüyüb, şəhərdə zibil yığmaqla məşğul idi", - Aslanyan jurnalistlərə deyib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs qüvvədədir, hərçənd ki, tərəflər onun tez-tez pozulması barədə xəbərlər verir.

Bu barədə daha geniş