Rusiyalıların çoxu SSRİ-nin müharibədə müttəfiqlərsiz də qələbə çalacağına inanır

Moskvada parad Fotonun müəllifi Getty Images
Image caption Moskvada parad

Rusiyalıların 63 faizi hesab edir ki, İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Almaniyanı müttəfiqlərin köməyi olmadan da məğlub edə bilərdi, Levada -Tsentr mərkəzinin keçirdiyi rəy sorğusunda göstərilir.

Bu arada respondentlərin 28 faizi müharibənin nəticəsinə müttəfiqlərin mühüm töhvəsini etiraf edib.

Qələbədə SSRİ-nin müstəsna xidmətinə inanan vətəndaşların sayı son zamanlar azalmaqdadır: 2014 -2015-ci illərdə bu qənaətdə olanların sayı 69 faiz olub.

"SSRİ-nin hərbi yardımdan asılı olmadığını hesab edənlərin sayı [BBC sosioloqlarının məlumatına görə - 57 faiz] minimum həddə 2010-cu ildə baş verən böhran vaxtı düşmüşdü", - Levada Tsentr mərkəzinin direktor müavini Aleksey Qrajdankin RBK agentliyinə bildirib.

Bununla yanaşı hərbi dövrdə İosif Stalinin addılmlarını tənqid edənlərin sayı da azalıb.

Sovet İttifaqının böyük itkilərini "Stalin hakimiyyətinin qurbanlara məhəl qoymadan" hərəkət etməsilə əlaqələndirən rusiyalıların sayı hazırda 12 faiz təşkil edir.

2011-ci ilin may ayında bu fikrə 18 faiz şərik çıxıb. 1997-ci ildə isə belə düşünənlərin sayı 30 faizə yaxın olub.

Hazırkı sorğu iştirakçıları (38 faiz) İkinci dünya müharibəsi vaxtı çox milyonlarla insanın həlak olmasını əsasən "həmlənin gözlənilməzliyi" və "Almaniyanın hərbi və texniki üstünlüyü ilə" (24 faiz) izah edirlər.

Hər onuncu adam uğursuzluqların əsas səbəbini "sovet komandanlığının zəif və yarıtmazlığı" və yaxud da qarşı tərəfin "qəddarlığında" görür.

Rəsmi məlumatlara görə, İkinci dünya müharibəsi illərində SSRİ-nin itkiləri 26,6 təşkil edib, onlarda 9 milyonu hərbçi olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş