Gürcüstan: Azərbaycanlı kasıb ailələrə kim yardım etməlidir?

Zərqələm Əliyeva Fotonun müəllifi Ülkər Natiqqızı
Image caption 79 yaşlı Zərqələm Əliyevanın nəvələri maddi problemlərə görə məktəbə gedə bilmirlər

Gürcüstanın əsasən azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-Kartli bölgəsində bəzi ailələr kasıblıqdan və yardımlarının olmamasından şikayətlənirlər.

Maddi vəziyyətin ürəkaçan olmaması, təkcə onların günlük dolanışığına deyil, həmçinin bu ailələrdə böyüyən uşaqların təhsilinə də təsir edir.

Belə ki, bəzi yetkinlik yaşına çatmayanlar məktəbdən yayınmaq məcburiyyətində qalırlar.

Hökumət sosial yardım ala bilməyən və yaxud sosial yardım verilməsi dayandırılan ailələrlə bağlı statistika dərc etməyib.

Təhsildən yayınma

79 yaşlı Zərqələm Əliyeva Marneuli rayonunda oğlu və nəvələri ilə birgə yaşayır. Onun 40 yaşlı oğlu Firdovsi Piriyev 8 il öncə iflic keçirdiyindən iş görmək qabiliyyətini itirib. Gəzmək çətinliyi olan Zərqələm Əliyeva isə günün çox hissəsini mətbəxdə oturaq vəziyyətdə yemək hazırlamaq və ya qabları yumaqla keçirir.

Firdovsi Piriyevin hər iki uşağı məktəbə gedə bilmir. 11 yaşlı Aytən Piriyeva V sinifdə oxusa da, çox vaxt atasının ağrılarına görə evdə qalıb ona baxmalı olur. 8 yaşlı İmran Piriyev isə heç vaxt məktəbə getməyib.

"Uşaq olduğu üçün yolu özü keçə bilməz, kimsə ona nəzarət etməlidir, həm də evdə bizə kimsə baxmalıdır. Eyni zamanda maddi dəstəyə də ehtiyac var", Firdovsi Piriyev deyir.

Marneuli Təhsil Mərkəzininsədri Kənan Ömərov isə deyir ki, məktəbə getmək üçün "heç bir maddi imkan" tələb olunmur.

"Məktəbdə uşaqlar pulsuz kitablarla təmin olunur", Mərkəzin sədri deyir.

Cənab Ömərov qeyd edir ki, uşaqların təhsilə cəlb edilməsi ilə bağlı Marneuli bələdiyyəsinin sosial yardım mərkəzinin sosial işçiləri məşğul olmalıdır.

Marneuli bələdiyyəsinin sosial yardım mərkəzinin direktoru Mamuka Şubitidzenin sözlərinə görə, uşaqların təhsili məsələsi ilə bağlı sosial yardım mərkəzinin qaynar xəttinə (1505) zəng edilməlidir.

Cənab Şubitidze onu da əlavə edir ki, uşaqlar təhsildən yayınan zaman ilk tədbir müəllimlər tərəfindən görülür. Onlar, ailə və uşaqla danışaraq uşağı məktəbə qaytarmağa çalışır. Məsələnin həlli mümkün olmadıqda isə, müəllimlər mərkəzin sosial işçilərinə məlumat verir.

Bundan sonra sosial işçilər həmin ailəyə gedir, valideynlərlə danışıb uşağın məktəbə qaytarılmasını təmin edir.

Gürcüstanın "Təhsil haqqında qanunu"na görə, uşaqların təhsildən yayındırılması qanun pozuntusu sayılır.

Ailənin sosial yardımı niyə kəsilib?

Fotonun müəllifi Ülkər Natiqqızı
Image caption Piriyevlər ailəsi 3 il öncə "maddiyyat və evin pis vəziyyətdə olması" səbəbi ilə torpaqlarının bir hissəsini satıb evin təmirinə xərcləməli olublar, amma bununla da onlara verilən sosial yardım dayanıb.

Piriyevlər ailəsi bildirir ki," maddiyyat və evin pis vəziyyətdə olması" səbəbindən torpaqlarının bir hissəsini satıb evin təmirinə xərcləməli olublar, amma bundan sonra 2014-cü ildən hökumətin onlara verdiyi aylıq 220 larilik sosial yardımı dayandırılıb.

"Bizə sosial yardım verirdilər, evi təmir etdirdikdən sonra sosial yardımı dayandırdılar. Bir iki dəfə pulsuz dərman verdilər, amma o da çatmır. İndi də güclü ağrılarım var", Firdovsi Piriyev əlavə edir.

Firdovsi Piriyev bildirir ki, sosial yardımdan əlavə anası və özü ayrı-ayrılıqda 180 lari təqaüd alır, ancaq bu da yaşayış üçün onlara kifayət etmir.

"Bizə Sosial yardım mərkəzindən dedilər ki, pul yoxdur. İndi özümüz də gedib müraciət edə bilmirik, nə mən gəzə bilirəm, nə də oğlum. Sosial yardım mərkəzinə necə gedək? Gərək bizi kimsə aparsın, taksiylə, ya da başqa yolla", deyə Zərqələm Əliyeva oğlunun sözlərinə qüvvət verir.

Fotonun müəllifi Ülkər Natiqqızı
Image caption 40 yaşlı Firdovsi Əliyev 8 il öncə iflic keçirdiyindən iş görmək qabiliyyətini itirib

Sosial yardım almaq arzusu təkcə Piriyevlər ailəsini narahat edən məsələ deyil.

Marneuli sakini Pərvin Abdullayev da deyir ki, 3 il əvvəl 57 yaşlı anası Sürəyya Muxayeva xərçəng xəstəliyinə görə əməliyyat olunub.

Əməliyyatdan sonra ailə vəziyyətləri pis olduğu üçün "Marneuli rayon sosial yardım mərkəzi"nə müraciət ediblər. Amma nəticə gözlənilən kimi olmayıb.

"Müraciətdən sonra ərizəmizi qəbul etdilər, ailə vəziyyətini dəyərləndirmək üçün bir həftə sonra gəldilər. Həyətimizə və evə baxıb yazdılar ki, ev 2 mərtəbəlidir, 2 ədəd televiziya və başqa əşyalar var. Həyətlərində meyvə ağacları boldur. Sonra cavab gəldi ki, sizə sosial yardım verilməyəcək", deyə Abdullayev qeyd edir.

Cənab Mamuka Şubitidze Piriyevlər ailəsinin məsələsi ilə bağlı deyir ki, sosial yardımın dayandırılmasının səbəbi, ailənin evlərini təmir etdirməsidir.

"Bu o deməkdir ki, əgər, ailənin evlərini təmir etdirməyə pulu varsa, demək digər şeylər üçün də pulu var."

Amma cənab Şubitidzeonu da əlavə edir ki, ailə yenidən sosial yardım almaq üçün müraciət edə bilər.

"Demirəm ki, onların qəti şansı yoxdur. Sosial yardım üçün qeydiyyatdan keçənlərin sosial yardım alıb-almayacağı da dəqiq deyil. Sosial yardımın miqdarına gəldikdə isə, pul ailə üzvlərinin sayına görə verilir."

Həm sosial yardım, həm də uşaqların təhsildən yayınması ilə bağlı Marneuli rayonunun deputatı Tamaz Naverianinin köməkçi Aqil Əmircanov əlavə edir ki, "əgər ailənin sosial durumu normal deyilsə, onlar sosial yardım mərkəzinə müraciət edə bilər. Mərkəz onları qeydiyyata alacaq, 99 faiz onlara yardım olunacaq. Bu çox rahat prosesdir".

Fotonun müəllifi Ülkər Natiqqızı
Image caption 11 yaşlı Aytən Piriyeva V sinifdə oxusa da, çox vaxt atasının ağrılarına görə evdə qalıb ona baxmalı olur. 8 yaşlı qardaşı da isə heç vaxt məktəbə getməyib.

Gürcüstanın "Sosial yardım haqqında qanunu"nda deyilir ki, ailə sosial yardım müraciət etdikdən sonra nazirliyin nümayəndələri tərəfindən ailənin ümumi, evin vəziyyəti və uşaqların sayı nəzərə alınır.

Ailə haqqında məlumatlar, sənədlər həmin ailənin qaldığı yerli hökumət orqanlarından əldə edilir. Ailənin vəziyyətini dəyərləndirən nümayəndə sonra ailə haqqında nazirliyə məlumat verir, əgər, ailənin vəziyyəti sosial yardıma uyğun deyilsə, məsələn, evin vəziyyəti təmirli və ya çox yaxşıdırsa, sosial yardım verilmir və yaxud dayandırılır.

Amma hökumət sosial yardım ala bilməyən və dayandırıldıqdan sonra yenidən sosial yardım almaq istəyən ailələr öz şəxsiyyət vəsiqələri ilə müraciət etmək şansını da yaradır.

Gürcüstanın Statistika Komitəsinin saytında verilən son məlumata görə, 2016-ci ildə Marneuli, Rustavi, Bolnisi, Qardabani, Tsalka, Tetriskaro və Dmanis sakinlərindən 28535 nəfər sosial yardım alır.

Hazırda aylıq gəliri 360 lari olan bu dörd nəfərlik ailəyə, Marneulidəki digər azgəlirli ailələr kimi, alternativ yardım edilir.

"Fondun 400 könüllü üzvü var, hər ay onlar könüllü surətdə azı 5, çoxu 20 lari fonda pul ödəyirlər. Yardım etdiyimiz ailələrin sosial yardım alıb almadıqlarını dəqiq bilmirəm, sadəcə həmin ailələrin vəziyyətləri çox pis olduğu üçün oları mütəmadi ərzaqla təmin edirik. Əliyevlər ailəsinə hər zaman yardım edirdik, amma bu son 3 ayda oları mütəmadi ərzaqla təmin edirik, deyə "İmam Əli xeyriyyə" fondunun tabe olduğu "İmam Əli" məscidinin axundu Hacı Hacıyev bildirir.

Onun sözlərinə görə, Fond rayonda 40 belə ailəyə aylıq yardım edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş